Milli Məclisin Mədəniyyət komitəsində dinləmə keçirilib

0

Fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmə keçiriblər.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının zəngin mədəni irsə malik olduğunu, qeyri-maddi və maddi mədəni irs nümunələrinin qorunması və təbliğinin dövlətin mədəniyyət siyasətində xüsusi yer tutduğunu deyib. Prezident İlham Əliyevin mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşdığını vurğulayan komitə sədri, onun rəhbərliyi ilə mədəniyyət sahəsində əsaslı islahatların aparıldığını, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan 2003-cü ildə YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasına qoşulub. Ötən müddət ərzində maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri nominasiyaları YUNESKO-nun müvafiq  siyahılarına daxil edilib və mədəni irsimiz bəşəriyyətin mirası olaraq qorunur. O, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə təqdirəlayiq fəaliyyətindən bəhs edib. 

Qənirə Paşayeva bugünkü ictimai dinləməni dövlət başçısının bu sahəyə həssas yanaşmasının parlament müstəvisində dəstəyinin göstəricisi kimi dəyərləndirib. O, Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirin yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Komitə sədri bildirib ki, Azərbaycan xalqının qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması problemi milli təhlükəsizlik konsepsiyasının əsas hədəflərindən biri hesab olunur.  O, qeyd edib ki, ölkənin milli qanunvericilik sisteminə daxil olan “Folklor nümunələrinin hüquqi qorunması haqqında” Qanun milli səviyyədə qeyri-maddi mədəni irsin qorunmasına hüquqi təminatlar yaradıb. Lakin son illər YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması ilə bağlı apardığı ardıcıl müzakirələr, qəbul etdiyi sənədlər bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir.

Sonra Qənirə Paşayeva müzakirəyə çıxarılan “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin əhəmiyyətindən danışıb. O, diqqətə çatdırıb ki, yeni qanun layihəsinin əsas məqsədi ölkə ərazisində qeyri-maddi mədəni irs nümunələrinin yaradılması, aşkar edilməsi, toplanması, tədqiqi, təbliği, istifadəsi və qorunması sahəsində yaranan münasibətləri tənzimləməkdir. Bildirilib ki, təqdim edilən ilkin layihə 4 fəsil, 14 maddədən ibarətdir. Sənəddə bir sıra spesifik anlayışların izahı verilir, qeyri-maddi mədəni irs nümunələrinin əhatə etdiyi kateqoriyalar, qanunun tətbiq dairəsi və qeyri-maddi mədəni irs sahəsində mövcud olan qanunvericilik ehtiva olunur. Layihədə, habelə qeyri-maddi mədəni irs sahəsində dövlət tənzimlənməsinin məqsədləri, əsas istiqamətləri, dövlətin vəzifələri, qeyri-maddi mədəni irsin tənzimlənmə mexanizmləri müəyyən edilir.

Sənəddə, bununla yanaşı, Qeyri-maddi Mədəni İrs Nümunələrinin Dövlət Reyestrinin yaradılması və həmin reyestrin elektron formada aparılmasına dair məsələlər, qeyri-maddi mədəni irs nümunələrindən istifadə qaydaları, həmçinin YUNESKO-nun Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-maddi Mədəni İrs üzrə Siyahısına daxil edilmiş Azərbaycan xalqına məxsus qeyri-maddi mədəni irs nümunələrinin adlarından istifadə qaydaları, qeyri-maddi mədəni irs nümunələrinin qorunmasının maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlıqla bağlı maddələr öz əksini tapıb.

İclasda çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli bildirib ki, təqdim edilən qanun layihəsi dövlət mədəniyyət siyasətinin prioritet istiqamətlərini əhatə edir. O, mədəni irsin qorunması, mühafizəsi, bununla bağlı hüquqi mexanizmlərin formalaşdırılmasının zəruriliyi, mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və formalaşdırılımasının vacibliyindən bəhs edib. Mədəniyyət sahəsində mövcud vəziyyət, o cümlədən qanunvericilik bazası, infrastruktur, kadr potensialı və digər məsələlər barədə danışıb. O, ölkə Prezidentinin mədəniyyət sahəsinə daim diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Bu sahənin inkişafı üçün qəbul edilən sənədlər, həyata keçirilən layihələrlə bağlı fikirlərini açıqlayıb. 

Adil Kərimli Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tədbirlər planının tərtib edildiyini bildirib. Bu sahədə sistemli, məqsədyönlü fəaliyyətin həyata keçirildiyini, bununla bağlı prioritetlərin hazırlandığını söyləyib. O, habelə işğaldan azad edilmiş ərazilərdə mədəni və tarixi abidələrimizin bərpası barədə danışaraq, abidələrimizin qorunması və mühafizəsinin mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu deyib.

Nazir müavini təqdim edilən qanun layihəsinin vacibliyini qeyd edərək, qeyri-maddi mədəni irsin qorunmasının mədəniyyətimizin prioritet istiqamətlərindən hesab edildiyini, bu sahənin qanunvericiliklə tənzimlənməsinin önəmli olduğunu  bildirib. O, bu sənədin milli mədəni irsimizin qorunmasına xidmət edəcəyini söyləyib.

Sonra tədbirdə Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov çıxış edib. O, müəllifi olduğu “Qeyri-maddi mədəni irs (QMMİ) anlayışı və onun istifadəsi” adlı kitabını təqdim edərək, qeyri-maddi mədəni irs nümunələrinin, ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edib. 

Mövzu ətrafında müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Razi Nurullayev, Əziz Ələkbərov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, AMEA-nın Folklor İnstitutunun Baş direktoru Muxtar İmanov, “Dünya Musiqi Xəzinəsinin İncisi-Muğam” İctimai Birliyinin sədri Nuriyyə Hüseynova, “Mədəni İnkişaf və Dialoq” İctimai Birliyinin təsisçisi Rəna Mirzəzadə çıxış ediblər.

Çıxışlarda təqdim olunan qanun layihəsinin əhəmiyyəti və aktuallığı, milli mədəni irsin qorunmasının vacibliyi qeyd olunub, bir sıra təkliflər verilib. Habelə mədəniyyət sahəsində mövcud vəziyyət və bu sahənin inkişafı istiqamətində görüləsi tədbirlər barədə fikir mübadiləsi aparılıb.

 Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli və Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan bəzi məsələlərə aydınlıq gətiriblər.

Dinləməyə yekun vuran komitə sədri Qənirə Paşayeva müzakirələrin səmərəli keçdiyini, faydalı fikirlərin səsləndirildiyini söyləyib.

Tədbirdə parlamentin Mədəniyyət komitəsinin üzvləri Ülviyyə Ağayeva, Mixail Zabelin, aidiyyəti qurumların nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

⤵️

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir