Milli Məclisin komitələrində
Dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
İclası açan Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu gündəliyin birinci məsələsi olan Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə baxacaqlarını diqqətə çatdırıb.
Sənəd mədəni sərvətlərin qorunması ilə bağlı müddəaların dəqiqləşdirilməsi və məsuliyyətin artırılması məqsədilə hazırlanıb. Qanun layihəsində mədəni sərvətlərin korlanması və ya məhv edilməsi əməllərinə görə məsuliyyəti ziyanın miqdarı və təqsirin formasına görə fərqləndirilməsinin əhəmiyyətini vurğulayan Polad Bülbüloğlu mədəni abidələrin qorunması, bərpası xüsusiyyətləri, mexanizmləri, bu sahədə beynəlxalq təcrübənin, müasir texnologiya və yanaşmaların tətbiqi ilə bağlı fikirlərini bölüşüb.



Arzu Paşaqızı