Milli Məclisin komitə iclasında Hesablama Palatasının hesabatı təqdim edilib
Aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin – Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatının daxil edildiyini bildirib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Əvvəlcə, Tahir Mirkişili dünən Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusunun şəhid olduğunu bildirib və iclas iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Komitə sədri Ordumuzun Ermənistan tərəfinin təxribatının qarşısını qətiyyətlə aldığını, Ermənistan silahlı qüvvələrinin xeyli sayda itki verdiyini söyləyib.
Sonra komitə sədri Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti ilə bağlı hesabatı barədə fikirlərini açıqlayıb. Bildirib ki, 2022-ci il ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Şuşa İli” elan olunub. Ötən il həm də Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra büdcə vəsaitlərinin bu istiqamətdə xərclənməsinin ikinci ili olub. Son iki il ərzində dövlət büdcəsindən ümumilikdə işğaldan azad olunmuş ərazilərin bərpası üçün 6,5 milyard manat vəsait xərclənib. Palatanın ötən ildə fəaliyyətinə dair hesabatda bu vəsaitlərin bir hissəsinin audit olunması öz əksini tapıb.
O, 2022-ci ildə 2021-ci ilə nisbətən büdcə xərclərinin 4 milyard manatdan çox artdığını qeyd edib. Ötən il ərzində Palatanın ilk dəfə olaraq nəticə əsaslı büdcə modelindən istifadə etdiyini, həmçinin mühüm məsələlərdən olan audit təsirinin birbaşa ölçülməsini, monitorinqlərin daha da artırılmasını müsbət qiymətləndirib.
Diqqətə çatdırılıb ki, ötən il 48 audit planlaşdırılsa da, onun 46-sı həyata keçirilib. Bütövlükdə strateji planda nəzərdə tutulmuş planların icra səviyyəsi 81 faiz olub. Qeyd edilib ki, vacib məsələlərdən biri də audit nəticəsində 2022-ci ildə dövlət vəsaitlərilə davranış qaydalarının müəyyən olunması ilə əlaqədar pozuntularla bağlıdır. Komitə sədri bildirib ki, hesabat ilində keçirilmiş 28 uyğunluq auditinin 26-da büdcə qanunvericiliyinin pozulması, dövlət satınalmaları istiqamətində pozuntulara, 22-də dövlət büdcə vəsaitlərinin idarəetmə sistemində, 14-də isə əməyin ödənişi sahəsində nöqsanlara rast gəlinib. O, bu pozuntuların qarşısının alınması üçün gələcəkdə tətbiq edilə biləcək prosedurların müəyyən edilməsinin vacibliyini qeyd edib. Həmçinin, səmərəlilik auditinin səviyyəsinin artırılmasının təqdirəlayiq olduğunu deyib.
Tahir Mirkişili bildirib ki, ötən il Hesablama Palatasının fəaliyyətində əsas məsələlərdən biri də vətəndaşa yönəlik təkliflərin həyata keçirilməsi ilə bağlı məsələlərin hesabatda öz əksini tapmasıdır. O, qeyd edib ki, Palatanın audit fəaliyyəti nəticəsində gömrük yığımlarında sahibkarlardan tutulan əlavə dəyər vergisi artıq tutulmayacaq. Bununla yanaşı, əməyin ödənilməsi üzrə əksik hesablanmış 277 min manat, pensiya ödənişi üçün əksik hesablanmış 18 min manatın bərpa edilməsi ilə bağlı əsasların müəyyən edilməsi təqdirəlayiqdir.
Komitə sədri Palatanın fəaliyyətinin nöqsanları ilə bağlı uyğunluq auditinin nəticəsində əhatə dairəsinin aşağı düşməsini, informasiya bazalarına çıxışın zəif olmasını qeyd edib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2022-ci ildə fəaliyyəti haqqında Hesabatını təqdim edib. Palata sədrinin çıxışı slaydlar və diaqramlarla müşayiət olunub.
O, bildirib ki, hesabat ilində ölkə rəhbərliyi tərəfindən həm iqtisadi, həm də siyasi müstəvidə atılmış addımlar uğurla nəticələnib, dünyada, o cümlədən regionda artan geosiyasi və iqtisadi gərginliklər fonunda ölkə daxilində sabitlik təmin olunub. Ölkənin iqtisadi və siyasi mənzərəsində müsbət tendensiyalara şahidlik etdiyimiz 2022-ci ildə Hesablama Palatası da bu proseslərin bir parçası olmağa çalışıb, dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətini həyata keçirib.
Palata sədri, əvvəlcə hesabatda tətbiq edilən yeniliklər və dəyişikliklər barədə məlumat verib. Sənədin mətnində infoqrafiklərə üstünlük verildiyini qeyd edib. Bildirib ki, beynəlxalq təcrübə və il ərzində nəzarət tədbirlərinin əksər hissəsinin dərc olunduğu nəzərə alınaraq, hesabata icmal statistik məlumatlar daxil edilib. Strateji Planın icrası barədə məlumatlar nəticə əsaslı büdcə modelinə uyğun olaraq əks etdirilib, Palatanın fəaliyyətində əvvəlki illərdə olan zəif cəhətlər, bununla bağlı görülmüş işlər barədə məlumat verilib. Hər bir audit növünün əhatə dairəsi, pozuntu, təhrif və risklər göstərilib. Audit iqtisadi, maliyyə və vətəndaşa təsirinin ölçülməsi ilə bağlı 6 meyar üzrə qruplaşdırılıb. Rəylərin hazırlanması zamanı analitik prosedurlarla müəyyən edilmiş uyğunsuzluqlara da diqqət yetirilib. Hesabatın sonunda 2023-cü il üçün nəzərdə tutulan hədəflər qeyd olunub.
Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Planı”nda 2 yekun nəticə və 9 aralıq nəticə müəyyənləşdirilib. Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2022-ci ilin Əməliyyat Planı tərtib olunub və burada fəaliyyət istiqamətləri üzrə zəif bəndlərin və potensial boşluqların aradan qaldırılması, fəaliyyətin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi məqsədilə tədbirlər yer alıb. Strateji Planın 2022-ci il üçün Əməliyyat Planında ümumilikdə 214 tədbir müəyyənləşdirilib, ilin sonunda yekun icra vəziyyəti 81,3% təşkil edib.
O, qeyd edib ki, hesablama Palatasının 2022-ci ildə fəaliyyəti 4 əsas fəaliyyət növü – kənar dövlət maliyyə nəzarəti tədbirləri həyata keçirmək, büdcə layihəsi və icrasına rəy vermək, dövlət maliyyəsi üzrə tövsiyələr vermək və beynəlxalq əməkdaşlıq etmək istiqamətlərini əhatə edib. 2022-ci ildə Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Ötən ilin İş Planının audit və analitik fəaliyyət üzrə icra vəziyyəti Hesabatın tərtib edildiyi tarixədək 95,8% təşkil edib.
Diqqətə çatdırılıb ki, hesabat ilində Palatanın audit fəaliyyəti 3 növ üzrə həyata keçirilib. Audit obyektləri arasında 8 mərkəzi icra hakimiyyəti orqanı və 2 digər dövlət orqanı, 10 publik hüquqi şəxs, 4 dövlət mülkiyyətində olan və dövlətin səhmi olan müəssisə, 4 təhsil və 1 elm müəssisəsi, 1 yerli icra hakimiyyəti orqanı, digərləri isə mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan təşkilatlar və müxtəlif təşkilati-hüquqi formaya malik qurumlar olmuşdur. Hesabat ilinin İş Planı üzrə həyata keçirilmiş 42 auditlə 400-dən çox tabelikdə olan qurum və müəssisələr, layihələr əhatə edilib. Auditlərin 36-sı Bakı şəhərində, 6-sı isə digər şəhər və rayonlarda fəaliyyət göstərən qurumlarda aparılıb.
Sonra Palata sədri hər bir audit növü üzrə nəticələr barədə məlumat verib.
Bildirilib ki, Hesablama Palatası tərəfindən 2022-ci il İş Planına uyğun olaraq nəticələrin rəsmiləşdirilməsi mərhələsində dayandırılmış 1 audit nəzərə alınmaqla, 28 uyğunluq auditi keçirilib. Audit mövzuları müəyyənləşdirilərkən auditlərdə dövlət satınalmaları, əməyin ödənişi, gəlirlərin inzibatçılığı məsələləri diqqətdə saxlanılıb.
Ötən il, habelə 9 maliyyə auditi keçirilib və bunun sayı əvvəlki illə müqayisədə azalsa da, əhatə olunan məbləğdə artım qeydə alınıb. Maliyyə auditlərində auditorların əsas məqsədi maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olub-olmaması barədə əminlik əldə etmək və maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlərdə müvafiq qaydada tərtib edilib-edilməməsi barədə rəy bildirməkdən ibarət olub.
Hesabat ilində audit olunan obyektdə struktur dəyişiklikləri ilə əlaqədar nəticələrin rəsmiləşdirilməsi yekunlaşdırılmamış 1 tədbir nəzərə alınmaqla, 5 səmərəlilik auditi keçirilib. Audit mövzuları müəyyənləşdirilərkən Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşma, dövlət proqramları, beynəlxalq layihələr diqqətdə saxlanılıb.
İl ərzində, habelə Hesablama Palatası üzvlərinin təklifləri əsasında 2022-ci ilin İş Planına əlavə edilmiş 1 analitik fəaliyyət nəzərə alınmaqla, ümumilikdə 6 analitik fəaliyyətin keçirilməsi planlaşdırılıb və bütün tədbirlərin nəticələrinin rəsmiləşdirilməsi başa çatdırıllıb. Palatanın auditorları tərəfindən analitik fəaliyyətdə gəlir və digər daxilolmaların, xərclərin proqnoz və icra göstəricilərinin təhlili, fəaliyyət çərçivəsində müəyyənləşdirilmiş tədbirlərin dövlət proqramları və strateji sənədlərlə uzlaşması əsas predmetlər kimi müəyyənləşdirilib.
Bununla yanaşı, hesabat ilində qəbul edilmiş kollegiya qərarlarının icra vəziyyətinin yerində araşdırılması məqsədilə Hesablama Palatası üzvlərinin təklifləri əsasında 2022-ci ilin İş Planına 6 monitorinq əlavə edilib.
Nəzərə çatdırılıb ki, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2022-ci ildə 13 audit və 10 analitik fəaliyyət aparılması planlaşdırılıb, 1 obyektin hüquqi forması dəyişdirildiyindən nəzərdə tutulmuş analitik fəaliyyət təxirə salınıb.
Qeyd olunub ki, hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən ümumilikdə 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bundan əlavə, 2022-ci ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinə yenidən baxılması üzrə layihələrə Hesablama Palatası tərəfindən 3 rəy hazırlanaraq Milli Məclisə təqdim edilib. Həmin rəylərdə ümumilikdə 39 nəticə əks etdirilib.
Bildirilib ki, Hesablama Palatası 2022-ci ildə də hesabatlılıq və şəffaflığın gücləndirilməsi məqsədilə fəaliyyəti barədə məlumatları rəsmi internet səhifəsi, “Dövlət auditi” rüblük rəsmi məlumat bülleteni, KİV-lərdə müxtəlif mövzular üzrə müsahibə, sorğu, məqalə və çıxışlar vasitəsilə ictimaiyyətə açıqlayıb. Palata ilə Milli Məclis arasında əməkdaşlığın təmin edilməsi 2022-ci ildə də diqqətdə saxlanılıb, əməkdaşlığın əhatəsi əvvəlki illərlə müqayisədə daha da genişləndirilib.
Hesablama Palatasının beynəlxalq fəaliyyətinə toxunan məruzəçi qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və potensialın gücləndirilməsi məqsədilə xarici ölkələrin AAO-ları ilə Anlaşma Memorandumlarının imzalandığını deyib, təmsil olunduğu beynəlxalq tədbirlər barədə danışıb.
Hesabatın yekununda Palatanın sədri, həmçinin 2023-cü ildə qarşıda dayanan vəzifələr barədə deputatlara məlumat verib.
Sonra komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Mahir Abbaszadə, Aydın Hüseynov, Vüqar Bayramov çıxış edərək təqdim edilən hesabatı müsbət qiymətləndiriblər. Millət vəkilləri sənədin əhatəli olduğunu qeyd edərək, Palatanın fəaliyyətində şəffaflığın artırılması, dövlət vəsaitinin səmərəli istifadəsi baxımından aparılan yoxlamaların vacibliyi və digər məsələlərlə bağlı fikirlərini açıqlayıblar. Deputatlar aparılan auditlərlə bağlı bəzi qeydlərini də səsləndiriblər.
Müzakirələrin yekunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
İclasın sonunda Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitə üzvləri İmamverdi İsmayılov, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ağalar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI