Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında

0

Noyabrın 1-də  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda müzakirələr aparılıb.

İclası açan Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli parlamentlə vətəndaş cəmiyyətləri arasında əməkdaşlığı zəruri edən amillərə diqqət çəkib. O, bugünkü geosiyasi vəziyyətdən danışaraq, həmrəy olmağın vacibliyini vurğulayıb, Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratdığını qeyd edib. 

QHT-lərin fəaliyyətindən və vaxtilə bu sahədə müəyyən nöqsanların mövcudluğundan danışan Fəzail İbrahimli bildirib ki, QHT-lər haqqında qanun qəbul edildikdən sonra Azərbaycan qanunvericiliyində bu sahədə tənzimləmə təmin olunub. Azərbaycanın sabitliyin, təhlükəsizliyin bərqərar edildiyi bir ölkə olduğunu vurğulayan komitə sədri  qeyd edib ki, hər  birimiz bütün gücümüzlə, birliyimizlə dövlətimizə, dövlətçiliyimizə xidmət edirik.

İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək parlament-QHT əməkdaşlığı mövzusunda müzakirələrin səmərəli olacağına inamını ifadə edib. Bu sahədə dövlətin yürütdüyü siyasət və gördüyü işlərin təqdirəlayiq olduğunu söyləyib. Bildirib ki, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ölkəmizin maraqlarının dünyada qorunması məsələsində daha fəal olmalıdırlar. 

Tədbirdə komitənin sədr müavini Sahib Alıyev, üzvləri Sevinc Fətəliyeva, Azər Badamov, Anar İsgəndərov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid mövzu ilə bağlı fikirlərini səsləndiriblər. 

Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə ölkədə aparılan islahatlar həyatın müxtəlif istiqamətlərində, o cümlədən yeni cəmiyyət quruculuğu sahəsində uğurla həyata keçirilir. Qeyd edilib ki, Azərbaycan cəmiyyəti güclü olduğunu Vətən müharibəsində bir daha sübut etdi. 

Çıxışlarda dövlət müstəqilliyimizin və ərazi bütövüyümüzün qorunması naminə milli həmrəyliyimizin və birliyimizin önəmli olduğu vurğulanıb. Bu sahədə QHT-lərin əhəmiyyətli rolundan söhbət açılıb. Həmçinin, parlament və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyindən danışılıb. 

İclasda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi Zəfərdən, bu gün regionda yaranmış yeni reallıqlardan danışıb. O, QHT-lərin Azərbaycanın milli maraqlarının, təhlükəsizliyinin qorunması istiqamətində üzərlərinə düşən işin öhdəsindən bundan sonra da layiqincə gələ biləcəklərini söyləyib.

Mövzu ətrafında aparılan müzakirələrdə iştirak edən QHT nümayəndələri fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər. 

Çıxış edən “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti”nin sədri Novella Cəfərova, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin İdarə Heyətinin üzvü Samir Əliyev, Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə,  “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmənov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə parlament-QHT əməkdaşlığının genişləndirilməsi istiqamətində fəallığın artırılmasının vacibliyini vurğulayıblar.

Parlamentin vitse-spikeri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli müzakirələrin səmərəli keçdiyini bildirərək, fikir mübadiləsində fəallıq göstərdiklərinə görə iclas iştirakçılarına təşəkkürünü ifadə edib.

İclasda deputat Cavanşir Paşazadə, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədri Yeganə Sultanova iştirak ediblər.

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir