Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib
Martın 15-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan spiker ötən iclasdan bəri, yəni son günlər ərzində Milli Məclisdə görülmüş işlər haqqında qısa məlumat verərək bildirib ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilib, bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilib və plenar iclasda baxılmasına dair rəy verilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda geniş ictimai dinləmə keçirib. Dinləmədə Milli Məclisin müxtəlif komitələrinin üzvləri, Aparatın müvafiq şöbələrinin işçiləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin rəhbər vəzifəli şəxsləri, habelə Boston Consulting Group şirkətinin nümayəndəsi və müstəqil ekspertlər də iştirak ediblər.
Ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilib.
Milli Məclisin sədri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Əfzəl Xan, Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker və rəhbərlik etdiyi heyət, Avstriya Parlamentinin Cənubi Qafqazla dostluq qrupunun rəhbəri Andreas Minnix və qrupun üzvləri, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadze və komitənin üzvləri, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə görüşləri barədə məlumat verib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI