Milli Məclisin iclasında
Mayın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki , Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, mayın 28-də qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda türk dünyasının böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanıb. Sahibə Qafarova vurğulayıb ki, əsl demokratiya şəraitində əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqını qəlbən sevindirmişdir. Milli Məclisin sədri Sahibə Qafarova əminliklə bildirib ki, hörmətli Prezident Ərdoğanın rəhbərliyi ilə qardaş Türkiyənin dinamik inkişafı qarşıdakı dövrdə yeni vüsət alacaq, biz Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının yeni uğurlu nəticələrinə şahidlik edəcəyik.
Sonra Sahibə Qafarova Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin mayın 24-dən 26-dək Serbiya Respublikasına ilk rəsmi səfəri barədə deputatlara məlumat verib.
Spiker Sahibə Qafarova bildirib ki, mayın 25-də nümayəndə heyəti paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və onun əziz xatirəsini yad edib.
Səfər çərçivəsində Milli Məclis sədrinin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Serbiyanın Baş naziri Ana Brnabiç, Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşləri keçirilib.
Görüşlərdə Azərbaycanla Serbiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, ölkələrimiz suverenlik və ərazi bütövlüyü məsələlərində daim həmrəylik nümayiş etdirirlər. Sahibə Qafarova vurğulayıb ki, qarşılıqlı etimada və anlaşmaya əsaslanan yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrin, xüsusən, energetika və ekologiya, sərmayə qoyuluşu sahələrində əlaqələrin güclənməsinə də təkan verir.
Milli Məclisin sədri Sahibə Qafarova eyni zamanda görüşlərdə dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin iştirakı ilə bağlı məsələlərin nəzərdən keçirildiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşlərdə 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasını nəzərdə tutan “Böyük qayıdış” proqramının yerinə yetirilməsi, Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri barədə həmsöhbətlərinə məlumat verildiyini bildirib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Serbiya Milli Assambleyasının sədri ilə görüşdə Azərbaycan və Serbiya parlamentləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmış, həmçinin parlament nümayəndə heyətimiz Azərbaycanın Serbiyadakı Səfirliyi tərəfindən keçirilən və 28 may – Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfərinin uğurlu keçdiyini qeyd edən Sahibə Qafarova bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığını bildirib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Musa Quliyev, Hicran Hüseynova, deputatlar Tahir Kərimli, Kamal Cəfərov, Elşad Mirbəşir oğlu, Tural Gəncəliyev, Razi Nurullayev, Musa Qasımlı, Əli Məsimli, Fazil Mustafa çıxış ediblər.
Çıxışlarda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Milli Məclisin keçirdiyi beynəlxalq səviyyəli tədbirin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Parlamentin xüsusi iclasında dünyanın bir çox ölkələrinin yüksək səviyyəli təmsilçilərinin səsləndirdiyi fikirlər təqdirəlayiq hal kimi dəyərləndirilib.
Deputatlar bu günlərdə Prezident İlham Əliyevin Laçın rayonuna səfərini, onun burada bir çox infrastruktur layihələrin təməlinin qoyulmasında, sosial obyektlərin açılışında iştirakını, Laçın şəhərinə qayıdan əhali ilə görüşünü, evlərin açarlarının onlara təqdim etdiyini yüksək qiymətləndiriblər. Millət vəkilləri dövlət başçısının Laçından səsləndiridiyi mesajların vacibliyini, o cümlədən bu tarixi hadisənin Müstəqillik Gününə təsadüf etdiyinin böyük rəmzi məna daşıdığını xüsusi vurğulayıblar.
Milli Məclisin üzvləri öz çıxışlarında Türkiyədə keçirilmiş demokratik seçkilərdə Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi münasibəti ilə öz təbriklərini çatdırıblar. Bunu Türkiyə xalqının böyük qələbəsi kimi qiymətləndiriblər. R.T.Ərdoğanın rəhbərliyi dövründə Türkiyənin öz milli maraqları baxımından müstəqil siyasət yürütdüyünü, beynəlxalq münasibətlər sistemində Türkiyənin mövqeyinin möhkəmləndirildiyini, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər.
Deputatlar pensiya yaş həddi, qadın və uşaqların hüquqlarının müdafiəsi, şəhid valideynləri, müharibə iştirakçıları və veteranları üçün fərqləndirici halların nəzərə alınması və gündəmdə olan digər aktual məsələlər barədə də öz fikirlərini açıqlayıblar, bir sıra təkliflərini səsləndiriblər.
Milli Məclisin sədri Sahibə Qafarova bu gün iclasda 28 məsələnin müzakirə olunacağını söyləyib. O, birinci məsələsinin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi olduğunu deyib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri məsələ ilə bağlı məlumatında parlamentin beynəlxalq əlaqələrinin genişləndiyini, dostluq qruplarının fəaliyyətinin aktivləşdiyini, bu gün 100-dən çox parlamentlərarası dostluq qruplarının mövcud olduğunu bildirib. O, qeyd edib ki, qərar layihəsinə əsasən, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Şahin İsmayılov, Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Rüfət Quliyev, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Kamran Bayramov rəhbər olaraq təklif olunurlar.
Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova ikinci məsələnin “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O, beynəlxalq sənədin təsdiqi ilə bağlı müvafiq Konstitusiya qanununun tələbinə əsasən, bu qanun layihəsinin bir oxunuşda baxılıb, qəbul ediləcəyini bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edərək, bildirib ki, 2009-cu il 3 oktyabr tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan arasında imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. 2021-ci il noyabrın 12-də Dövlət başçıları Şurasının qərarına uyğun olaraq bu qurum Türk Dövlətləri Təşkilatı adlandırılıb. O, təşkilatın əsas məqsədlərinin üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi olduğunu söyləyib.
Komitə sədri diqqətə çatdırıb ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş 2023-cü il martın 16-da Ankarada imzalanıb. Fondun yaradılmasında əsas məqsəd regiondaxili ticarətin genişləndirilməsi və iqtisadi fəaliyyətin dəstəklənməsi vasitəsi ilə üzv dövlətlərin iqtisadi inkişafına töhfə verməkdir. O, Fondun nizamnamə kapitalının 500 milyon ABŞ dolları olduğunu və bu məbləğin 5 üzv arasında bərabər bölündüyünü qeyd edib. Sazişdə Fondun təşkilatı və idarəetmə strukturunun göstərildiyini, hər bir üzv ölkənin Fondun rəhbərlər Şurasında nazir müavinləri səviyyəsində təmsil olunacağını deyib. Bildirib ki, Fondun aktivləri və gəlirləri birbaşa və dolayı vergilərdən, o cümlədən gömrük rüsumlarından azaddır. Komitə sədri belə bir Fondun yaradılmasının Türk dünyasının daha da güclənməsinə xidmət edəcəyini söyləyib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdiyi komitənin bu sənədlə bağlı rəyini səsləndirərək bildirib ki, Türk İnvestisiya Fondunun yaradılması türk dövlətləri arasında əlaqələri yeni mərhələyə yüksəldir.
Komitə sədri Zahid Oruc, deputatlar Əli Məsimli və Aydın Mirzəzadənin məsələ ilə bağlı fikirləri dinlənildikdən sonra, qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra parlamentin spikeri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 20 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin birinci və ikinci oxunuşda müzakirə olunduğunu, sənədin mətnində hər hansı dəyişikliyin edilmədiyini söyləyib. Sənədə əsasən, minatəmizləmə sahəsində fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif oluna bilərlər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin ikinci oxunuşda təqdimatı zamanı deputatlar tərəfindən səsləndirilən fikirlərin işçi qaydada müzakirə olunduğunu, daxil olan təklifin qanunvericilik təşəbbüsü subyekti tərəfindən nəzərə alınmadığını deyərək, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini diqqətə çatdırıb. O, sənəddə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlik institutunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar təsis edilən yeni vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna uyğun olaraq təsnifləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklərin nəzərdə tutulduğunu, sənədin ikinci oxunuşda müzakirələri zamanı əlavə təkliflərin daxil olmadığını bildirib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədə dair hər hansı yeni təklifin olmadığını söyləyib və səsə qoyulmasını xahiş edib. Layihənin məqsədi yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının daha səmərəli və effektiv qorunmasını təmin etməkdən ibarətdir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. Spiker diqqətə çatdırıb ki, gündəliyin 7-ci məsələsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində, 8-ci məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, 9-cu məsələsi “Sosial müavinətlər haqqında” Qanunda, 10-cu məsələsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda, 11-ci məsələsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda, 12-ci məsələsi “Sosial xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir. Spiker bu qanun layihələrinə 3 komitədə baxıldığını qeyd edib.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 7-ci və 10-cu məsələlər – Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri ilə bağlı məlumat verib. O, bu məsələlərə komitədə baxıldığını, əlavə rəy və təklifin daxil olmadığını bildirib. Layihələrdə nəzərdə tutulan dəyişikliklər himayədar ailə institutunun inkişafına xidmət edir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov 8-ci və 11-ci məsələləri – Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib. Deputat birinci və ikinci oxunuşlarda məsələ ilə bağlı hər hansı rəy və təklifin olmadığını, təmsil etdiyi komitənin müsbət rəy verdiyini söyləyib. Təqdim olunan hər iki layihə “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 9-cu və 12-ci məsələləri – “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O, bildirib ki, hər iki layihədə nəzərdə tutulan dəyişikliklər himayədar ailə institutunun yaradılması ilə əlaqədardır. Komitə sədri sənədlərin birinci və ikinci oxunuşda müzakirəsi zamanı əlavə təkliflərin daxil olmadığını, mətnlərdə heç bir dəyişikliyin edilmədiyini söyləyib.
Sonra təqdim olunan bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova nəzərə çatdırıb ki, gündəliyin növbəti 4 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.
Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrini təqdim edib. O, hər iki sənədlə əlaqədar heç bir təklifin daxil olmadığını deyib və üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin birinci və ikinci oxunuşda müzakirəsi zamanı hər hansı əlavə dəyişikliklə bağlı təklifin daxil olmadığını, komitə tərəfindən müsbət rəy verildiyini söyləyib və sənədi dəstəkləməyi xahiş edib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, bildirib ki, sənədlə əlaqədar birinci və ikinci oxunuş zamanı geniş müzakirələr aparılıb, qaldırılan məsələlərə dair lazımi izahatlar verilib. Deputat qeyd edib ki, layihədə 10-1-ci maddədə nəzərdə tutulan müddətlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələr aparılıb və bu müddət dəyişdirilib. Beləliklə, sənədə əsasən, 2023-cü il iyunun 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.
Sonra bu 4 qanun layihəsi də ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin də Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov 17-ci məsələ – Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), 18-ci məsələ – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və 19-cu məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələrini diqqətə çatdırıb. O, 17-ci məsələ ilə bağlı bir düzəlişin edildiyini və qanunun qüvvəyə minmə tarixinin 2023-cü il oktyabr ayından 2024-cü ilin yanvarın 1-nə dəyişdirildiyini bildirib. Digər qanun layihələrində heç bir dəyişikliyin olmadığını söyləyib və sənədləri üçüncü oxunuşda dəstəkləməyi xahiş edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitənin 17 məsələ – Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı müsbət rəyini diqqətə çatdırıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 20-ci məsələ – “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş), 21-ci məsələ – “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) və 22-ci məsələ – “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini təqdim edib. O, bildirib ki, bu sənədlərdə dəyişiklik edilib və adı çəkilən qanunların 2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Üçüncü oxunuşda təqdim edilən bu 6 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin son 6 məsələsi birinci oxunuşda olan qanun layihələridir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 23-cü məsələ – “Kosmik fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, ölkəmizdə bir çox digər sahələrdə olduğu kimi, kosmik sahənin əsasları da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Qeyd edib ki, hələ keçən əsrin 70-ci illərində Azərbaycan Elmlər Akademiyası nəzdində Kosmik Cihazqayırma Konstruktor Bürosu yaradılıb və ölkəmizdə kosmik tədqiqatların aparılmasına başlanılıb. Komitə sədri 2009-cu ildə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə başlanıldığını söyləyib. O, önəmli layihələrdən olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmizin azsaylı dövlətlərin təmsil olunduğu kosmik klubların üzvünə çevrildiyini bildirib. Qeyd edilib ki, 2015-ci ildən etibarən kosmosa çıxarılan “Azersky” peyki vasitəsi ilə ölkənin müdafiə və təhlükəsizliyi sahəsində davamlı işlər görülüb, vaxtilə işğal olunmuş ərazilərimizdə törədilmiş yanğınların mütəmadi olaraq monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılıb. 2020-ci ildə Vətən müharibəsi zamanı da Azərbaycan peykləri mühüm xidmət göstəriblər. Hal-hazırda Azərbaycan peykləri 42 ölkədən 182 müştəriyə xidmət göstərir.
Tahir Mirkişili bildirib ki, ölkəmizdə kosmik fəaliyyət Azərbaycan Respublikasının Kosmik Agentliyi “Azərkosmos” tərəfindən həyata keçirilir. O, qeyd edib ki, kosmik sahədə qeyri-dövlət subyektlərinin fəaliyyətinə hüquqi zəmin yaradılması üçün, sahəvi münasibətləri tənzimləyən yeni qanunun hazırlanmasına zərurət yaranıb. Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
Komitə sədri nəzərə çatdırıb ki, qanun layihəsi 6 fəsil, 24 maddədən ibarətdir. Sənəddə kosmik fəaliyyətin kosmik fəzadan sülh naminə istifadə edilməsi, milli maraqların qorunması, kosmik resurslardan səmərəli istifadə olunması, milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi, kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması prinsipləri əsasında həyata keçirilməsi göstərilib.
Layihədə beynəlxalq əməkdaşlıq, kosmik fəaliyyətin tənzimlənməsi, kosmik fəaliyyət üçün nəzərdə tutulan malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması, kosmik obyektlərin dövlət qeydiyyatı, Orbital mövqelərin əldə edilməsi və qorunması ilə bağlı müddəalar ehtiva olunur.
Qanun layihəsinin müvafiq maddələrində, habelə kosmik fəaliyyətin subyektləri, kosmik fəaliyyət və kosmik sənayenin iqtisadi xüsusiyyətləri, Yerüstü kosmik infrastruktur və kosmik obyektlərin təyinatı, kosmik fəaliyyət və kosmik sənayedə təhlükəsizlik məsələləri öz əksini tapıb.
Müzakirələr zamanı çıxış edən deputatlar Razi Nurullayev, Etibar Əliyev, Aydın Mirzəzadə layihəni yüksək qiymətləndiriblər, bəzi təkliflərini səsləndiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra parlamentin spikeri Sahibə Qafarova gündəliyin növbəti 24-cü məsələnin – Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və 25-ci məsələnin – “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrinin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.
İqtisadi siyasət, sənaye və sahibkarlı komitəsinin üzvü Anar Məmmədov bu məsələlər barədə məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında layihədə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunması, işğaldan azad edilmiş ərazilərin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin istehsalı və satışının ƏDV-dən azad olunması, eyni zamanda, işğaldan azad edilmiş, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan təmizlənməsi çərçivəsində yuxarıda qeyd olunan texnika, avadanlıq və vasitələrin yaradılması və istehsalı üçün idxal edilən texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın da ƏDV-dən azad olunması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, “Gömrük tarifi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi işğaldan azad edilmiş, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi çərçivəsində texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, partlayıcı və pirotexniki vasitələrin yaradılması və istehsalı üçün idxal olunan texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.
Millət vəkilləri Razi Nurullayev, Qüdrət Həsənquliyev, Sədaqət Vəliyeva, Rüfət Quliyev sənədlə bağlı fikirlərini, qeyd və təkliflərini bildiriblər. Deputat Anar Məmmədov səsləndirilən bəzi məqamlara aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 2 məsələsinin də Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu, məzmun və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 26-cı məsələ – “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və 27-ci məsələ – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.
Bildirilib ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda təklif edilən dəyişikliklərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxslərin hərbi qeydiyyatdan çıxarılması qaydasının təkmilləşdirilməsi, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən dairənin dəqiqləşdirilməsi nəzərdə tutulur.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna isə hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər təklif olunur.
Parlamentin komitə sədri Siyavuş Novruzov bu məsələlərlə bağlı fikirlərini açıqladıqdan sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sonuncu 28-ci məsələ – Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
O, bildirib ki, qanunun 41.2-ci maddəsinin mövcud mətninə görə hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarda həlak olduğu güman olunan şəxslərin bu müddətdən daha tez ölmüş elan olunması imkanını təmin etmək məqsədilə həmin maddəyə müvafiq əlavə təklif olunur. Əlavəyə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, həmin şəxsi hərbi əməliyyatların qurtardığı gündən azı altı ay keçdikdən sonra ölmüş elan edə bilər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI