Milli Məclisin iclasında
Oktyabrın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, iclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib. Spiker xatırladıb ki, Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirib və bu münasibət mətbuatda dərc edilib.
Milli Məclisin sədri bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik.
Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıb göstərir. Spiker deyib ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur.
Spiker əlavə edib ki, Ermənistan Respublikası 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün həyatına məhkum etmiş, xalqımıza qarşı dəhşətli cinayətlər törətmiş, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini mirasımızı talan etmişdir. O dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi.
44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxmışlar.
Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur.
Spiker bildirib ki, Milli Məclis olaraq, biz həmişə qeyd edirik ki, Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi, aqressiv ritorikanı qətiyyətlə rədd edir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI