Milli Məclisin iclasında 

0

Dekabrın 8-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

Turanın səsi ⁵” in xəbərinə görə , İclası açan Milli Məclisin sədri bildirib ki, dünən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. 

Bununla əlaqədar bir neçə məqama diqqət çəkən spiker bildirib ki, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.

2024-cü il fevralın 7-də təşkil ediləcək növbədənkənar Prezident seçkiləri bu reallıqların təsbitidir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin  bütün ərazisində keçiriləcək.

Milli Məclisin sədri bildirib ki, növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri tam yerinə yetirib. Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzusu həyata keçirilib və Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır.

Spiker qeyd edib ki, Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən möhtərəm cənab İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb.

Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişib. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib. 

Milli Məclisin sədri onu da qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi bir praktikadır. Seçkilər bəzi hallarda, məsələn, hərbi və fövqəladə vəziyyətlərdə təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar Prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini, sadəcə olaraq, vaxtından əvvəl ifadə edəcəklər.

Spiker bildirib ki, “Qarabağ Azərbaycandır!” şüarı dilindən düşməyən xalqımız uzun illər ağır zəhmət hesabına bu şüarı gerçəkliyə çevirmiş ölkə rəhbərinin yeni seçkilərdə, əminəm ki, yanında olacaq, onun xarici və daxili siyasətini, o cümlədən Qarabağda, Şərqi Zəngəzurda və ölkənin digər bölgələrində həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək.

Növbədənkənar Prezident seçkiləri regionda tam müstəqil bir dövlətin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da güclənməsini təmin edəcəkdir.  

Milli Məclisin sədri əminliklə söyləyib ki, gələn il fevralın 7-də şəffaf şəraitdə keçiriləcək azad və ədalətli Prezident seçkiləri ölkəmizdə demokratiyanın təntənəsinə çevriləcək, Azərbaycan  xalqı indiyə qədər olduğu kimi, bu seçkilərdə də öz müdrik qərarını verəcəkdir.

Spiker bir məqama da nəzər salaraq, deyib ki, bildiyiniz kimi, Vətən müharibəsində qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh danışıqları aparılmaqdadır.  Artıq bu gün söyləmək olar ki, bu danışıqların müsbət nəticələri vardır. Dünən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı dərc edilib.

Hər iki tərəf belə bir fikrə şərik olduğunu bildirib ki, regionda çoxdan gözlənilən sülhə nail olmaq üçün tarixi imkan yaranıb. Suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət  əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsi bağlamaq niyyəti təsdiq edilib. Bəyanatda sülh sazişini yaxınlaşdıran bir sıra addımlar nəzərdə tutulub.

Milli Məclisin sədri bu addımların davamını yaxın zamanda müşahidə edəcəyimizi diqqətə çatdırıb.

Sonra spiker bildirib ki, 105 il bundan əvvəl, 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başlamışdır. Son dərəcə mürəkkəb şəraitdə bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi xalqımızın demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərən tarixi bir hadisə olmuşdur. O, bu tarixi gün münasibətilə deputatlara təbriklərini çatdırıb.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlar Ceyhun Məmmədov, Fəzail Ağamalı, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Aydın Hüseynov, Vüqar Bayramov, Bəhruz Məhərrəmov, Azər Badamov, Tahir Kərimli, Razi Nurullayev, Elşad Mirbəşir oğlu, Kamal Cəfərov, Elşən Musayev çıxış ediblər.

Deputatlar Azərbaycan Prezidenti İlham Əliyevin cari il dekabrın 7-də imzaladığı “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamla əlaqədar fikirlərini bölüşüblər. 

Millət vəkilləri ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının öz torpaqları uğrunda möhtəşəm Qələbə əldə etdiyini vurğulayaraq, bu Qələbənin regionda yeni reallıqlar yaratdığını, bu gün qarşımızda dövlətçiliyimizin möhkəmləndirilməsi, Qarabağda həyata keçirilən quruculuq işlərinin gücləndirilməsi ilə bağlı və digər mühüm hədəflərin olduğunu bildiriblər. Qeyd edilib ki, ölkənin bütün ərazisində suverenliyimiz bərqərar olunub və qalib Azərbaycan bu gün regionun lider dövlətidir.

Çıxışlarda hazırda ölkəmizdə azad, demokratik, ədalətli seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradıldığı deyilib. Qarşıdan gələn Prezident seçkilərində xalqımızın yüksək fəallıq nümayiş etdirərək, Azərbaycanın yeni nailiyyətlər qazanması, daha böyük uğurlara imza atılması üçün cənab İlham Əliyevə səs verəcəyinə əminlik ifadə olunub. Bu seçkilərin ölkəmizdə sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə, siyasi, iqtisadi sahələrdə islahatların davam etdirilməsinə töhfə verəcəyi bildirilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bu gün iclasda 24 məsələnin müzakirə ediləcəyini, ilk iki məsələnin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. Spiker gündəliyin 1-ci məsələsinin “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi olduğunu bildirib. 

Qərar layihəsi səsə qoyularaq qəbul edilib. Qərara əsasən deputat Fazil Mustafa Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsinə təsdiq edilir.

Sonra iclasda növbəti məsələyə – “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsinə baxılıb.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib. Qərara əsasən deputat Ülviyyə Həmzəyeva Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini vəzifəsinə təsdiq edilir.

Parlamentin sədri yeni seçilən komitə sədri və komitə sədrinin müavinini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Spiker Sahibə Qafarova gündəliyin digər iki məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib. O, növbəti məsələnin “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) olduğunu deyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu qanun layihəsini təqdim edib. O, 12 fəsil, 84 maddədən ibarət Rəqabət Məcəlləsi ilə bağlı geniş müzakirələrin keçirildiyini söyləyib. Komitə sədri sənədin birinci və ikinci oxunuşları zamanı səsləndirilən təkliflərin araşdırıldığını, onların bir hissəsinin qanunvericilik subyekti ilə razılaşdırılaraq, layihədə öz əksini tapdığını deyib və edilən dəyişikliklər barədə məlumat verib.

O, qanunun 2024-cü il iyulun 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, layihədə “müvafiq bazarın sərhədlərinin” ifadəsi  “müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin” ifadəsi ilə əvəz olunur. Bir sıra maddələrdə “rəqibin təsərrüfat fəaliyyəti” ifadəsi “rəqibin sahibkarlıq fəaliyyəti” ifadəsi ilə əvəzlənir. Digər düzəlişlərdə “dərc olunan” sözlərindən sonra “(yayımlanan)” sözü əlavə edilir, “zəruri hallarda tərcüməçinin dəvət olunması” ifadəsindən “zəruri hallarda” sözləri çıxarılır.

Nəzərə çatdırılıb ki, daha bir dəyişiklik “Hal şahidlərinin iştirakı” adlanan 54-cü maddədə videoçəkilişin olması ilə bağlıdır. Yenilənmiş mətndə bildirilir ki, Məcəllədə nəzərdə tutulmuş hallarda yoxlama zamanı rəqabət orqanı tərəfindən baxış və götürmə fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Komitə sədri digər dəyişikliyin 60.2-ci maddə ilə bağlı olduğunu deyib. O, qeyd edib ki, rəqabət orqanı tərəfindən aparılan araşdırma və ya yoxlama çərçivəsində barəsində araşdırma aparılan bazar subyektinin hərəkətlərində qanun pozuntusu aşkar edildikdə, bazar subyektinə həmin pozuntunun mahiyyəti izah edilir və onun aradan qaldırılması üçün 10 gün vaxt müəyyən edilir.

Bildirilib ki, növbəti dəyişiklik Rəqabət Komissiyasının nəticələrinə dair məlumatların rəqabət orqanının rəsmi internet səhifəsində dərc edilməsi ilə bağlı tələbdir və bu da sənəddə öz əksini tapıb. Layihədə, həmçinin “nisbi hökmran mövqe” ifadəsi “nisbətən yüksək bazar gücü” ifadəsi ilə əvəz edilir, habelə dəqiqləşdirici, redaktə və stilistik xarakterli düzəlişlər də nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Tahir Mirkişili “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, 6 fəsil və 27 maddədən ibarət qanun layihəsində ikinci oxunuşdan sonra səsləndirilən fikirlərlə bağlı bəzi dəyişikliklərin edildiyini söyləyib.

Bildirilib ki, sənəddə 1.1.4-cü maddədə “maddi və qeyri-maddi nemətlər” ifadəsi “maddi və qeyri-maddi əmlak” ifadəsi ilə əvəz olunur. Qiymətləndirmə fəaliyyətinin istiqamətləri konkretləşdirilərək bir neçə fəaliyyət istiqaməti  bir ümumi bənddə təqdim olunur. Qanunun tətbiqi qiymətli metal külçələrinin qiymətləndirilməsi zamanı istisna edilir. 12.1.7-ci maddədə “qərəzsiz, düzgün” sözləri “obyektiv” sözü ilə əvəz olunur. QHT-lərdə üzvlük könüllü xarakter daşıdığı üçün 18.3-cü maddədə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna istinad ləğv edilir. 20.1-ci maddəyə təklif edilən düzəlişlə ümumi yığıncağın üzvlərinə səsvermənin formasını (açıq və ya gizli) müstəqil müəyyən etmək imkanı verilir. Layihədə, həmçinin bəzi dəqiqləşdirici, texniki və redaktə xarakterli düzəlişlər də edilir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. 

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.

Komitə sədri sənəddə bir sıra düzəlişlərin edildiyini bildirib. O, diqqətə çatdırıb ki, 5.1-ci maddəyə əsasən strateji əhəmiyyətli malların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir. Təklif olunur ki, bu siyahı yalnız strateji əhəmiyyətli malların adlarını deyil, eyni zamanda həmin malların (onların bir hissəsinin) ölkə üzrə tələb olunan minimal həcmlərini də əks etdirsin. 6.1.2-ci maddəyə təklif olunan düzəlişə əsasən, strateji və fövqəladə ehtiyatların tədarükü və təchizatçıların seçilməsi sahəsində dövlətin vəzifələrinin səfərbərlik ehtiyatlarına da şamil edilməsi təmin olunur. Habelə, təklif olunur ki, ehtiyatların saxlanıldığı yerlərə baxış keçirmək hüququ məsul qurumun istənilən işçilərinə deyil, müvafiq səlahiyyətə malik nümayəndələrinə həvalə edilsin. Bununla yanaşı, qanun layihəsində dəqiqləşdirici və texniki xarakterli düzəlişlər də edilib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Komitə sədri Tahir Mirkişili daha sonra “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. 

O, bildirib ki, layihədə adları qeyd olunan qanunlara təklif edilən dəyişikliklər “Dövlət ehtiyatları haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, “Dövlət ehtiyatları haqqında” qanunla tənzimlənən məsələlərin müvafiq qanunlardan çıxarılması nəzərdə tutulur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitələrin məsələ ilə bağlı rəylərini söylədikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edib. 

Bildirilib ki, 15 fəsil, 68 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir. 

Diqqətə çatdırılıb ki, layihədə aviasiya sahəsində dövlətin əsas məqsəd və vəzifələri müəyyən edilib. Təhlükəsizliyin gücləndirilməsi, icazələrin sadələşdirilməsi və şəffaflaşdırılması, hər kəs üçün bərabər imkanların yaradılması, ədalətli rəqabətin təmin edilməsi ilə bağlı məsələlər öz əksini tapıb. 

Qeyd olunub ki, sənəddə “Hava limanları, aerodromlar və helikopter meydançaları” adlı, habelə axtarış və xilasetmənin təşkili ilə bağlı ümumi tələbləri özündə əks etdirən yeni fəsillər əlavə olunub. Layihədə, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq hava gəmilərinin dövlət uçotunun aparılması və qeydiyyat sertifikatlarının verilməsi ilə əlaqədar müddəalar yer alıb. Hava daşımaları fəslində təkmilləşdirmələr aparılıb.  Bununla yanaşı, layihədə mülki pilotsuz uçuş aparatlarına dair yeni fəsil əlavə edilib. Əlavədə bu aparatların layihələndirilməsi, istehsalı, istismarı üçün ümumi tələblər müəyyən olunur. 

Deputatlar Soltan Məmmədov, İltizam Yusifov, Sabir Rüstəmxanlı məsələ ilə bağlı fikir və qeydlərinin bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında”  Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihədə adı çəkilən qanunlara edilən dəyişikliklərin Cinayət Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun  layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. 

O, bildirib ki, qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb. 

Qeyd olunub ki, qanuna edilən dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaq.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 15 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu deyib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Deputat ölkəmizdə yeni arbitraj təsisatının formalaşmasının ölkə başçısının rəhbərliyi altında həyata keçirilən hüquqi islahatların bir mərhələsi olduğunu deyib. Bildirib ki, arbitraj təsisatının yaradılması iqtisadi fəaliyyət sahəsində meydana gələn mübahisələrin səmərəli alternativ üsulu olaraq məhkəmələrin iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək.

Qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyir, arbitraj sazişinə dair tələbləri, Azərbaycan Respublikasında arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edir.

8 fəsildən və 59 maddədən ibarət olan sənəddə əsas anlayışlar, qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının təşkili formaları və prinsipləri, arbitrajda baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və digər məsələlərlə bağlı müddəalar ehtiva olunur.

Deputatlar Vüqar Bayramov və Qüdrət Həsənquliyev bəzi qeydlərinin söylədikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. 

Bildirilib ki, layihədə adları çəkilən qanunların icrası ilə bağlı 21 normativ hüquqi aktda, o cümlədən 2 məcəllədə və 19 qanunda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məsələyə dair İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov bu komitələrin rəylərini səsləndiriblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri  Fazil Mustafa öz fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Qeyd edilib ki, layihədə Cinayət-Prosessual Məcəlləsinə “Prosessual sənədlərin rəsmi qaydada verilməsi” və “Cinayət təqibi üzrə qiyabi icraat” adlanan iki yeni fəslin əlavə edilməsi  təklif olunur.

Əlavə edilməsi nəzərdə tutulan IV-I fəsildə prosessual sənədlərin çatdırılması, çağırış vərəqəsi, qəbzin məzmunu və prosessual sənədləri qəbul etməkdən imtina qaydaları ətraflı olaraq müəyyən edilir. Əlavə olunacaq LIV-II fəsil isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin barəsində aşağıdakı 2 halda – təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndikdə və Azərbaycan Respublikasının ərazisindən kənarda olan təqsirləndirilən şəxs çağırışa gəlməkdən qəsdən boyun qaçırdıqda – cinayət təqibinin qiyabi icraat qaydasında aparılması imkanını nəzərdə tutur. Cinayət Məcəlləsinin  qeyd edilən bu maddələri ilə yanaşı, cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə də ittiham olunan təqsirləndirilən şəxs barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.

Bildirilib ki, cinayət təqibinin qiyabi icraat qaydasında həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxslərin təqsiri məhkəmə hökmü ilə sübuta yetirildikdə, həmin şəxslərin, xüsusilə də sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətləri törətmiş şəxslərin əmlakı cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirə edilməklə zərərçəkənlərə və dövlətə dəymiş ziyanın ödənilməsinə, mülki iddianın təmin edilməsinə yönəldiləcək.

Deputat Əminə Ağazadə məsələ ilə bağlı bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, qanunun 11-ci maddəsinin 15-ci hissəsinə təklif olunan dəyişiklik məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsini, 39-cu maddənin ikinci hissəsinə təklif olunan dəyişiklik hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsini müəyyən edir. Bununla yanaşı, məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün qanunun 23-cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi maliyyə hesabatları və mühasibat uçotu sənədləri təqdim edilərkən dövlət və ya kommersiya sirri hesab edilən məlumatların qorunmasının tənzimlənməsi məqsədilə hazırlanıb. Sənəddə, həmçinin iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsi dəqiqləşdirilir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələr və onların maliyyə hesabatları da aid edilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov sənədlə bağlı rəyləri təqdim etdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb. O, bildirib ki, Əmək Məcəlləsinin 5 maddəsinə 10 dəyişiklik təklif edilir. Dəyişikliklər həm mahiyyət etibarı ilə norma dəyişdirici, həm də stilistik xarakterlidir. Qeyd edilib ki, mahiyyətcə dəyişikliklər qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması və qadınların orta əmək haqlarının kişilərin əmək haqlarına çatdırılması məqsədi daşıyır. 

Layihədə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqları genişləndirilir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləmələrinə, iş vaxtından artıq işə cəlb edilmələrinə və ezamiyyətə göndərilmələrinə yalnız onların yazılı razılığı ilə icazə verilməsi nəzərdə tutulur. Sənəddə əks olunan digər dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu komitənin məsələ ilə bağlı müsbət rəy verdiyini diqqətə çatdırıb.

Deputatlar Əli Məsimli, Aydın Hüseynov, Aqil Abbas öz fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti iki məsələ ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. Spiker qeyd edib ki, bu, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələridir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişikliklə bağlı məlumat verib. 

Bildirilib ki, təqdim olunan layihədə Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən əmək müqaviləsinə xitam hallarının da işsizlikdən sığortanın əhatə dairəsinə daxil edilməsi, həmçinin sığorta ödənişinə uşağa görə əlavənin ailədəki bütün uşaqlar üçün verilməsi, həmin ödənişin müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil edilməsi, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının 30 aydan  24 ayadək azaldılması, fərdi məşğulluq proqramının icrasını üzrlü səbəbdən icra etmədiyi üzrlü halların konkret olaraq müəyyən edilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. 

Layihədə sığortaedən tərəfindən işçilərin işsizlikdən sığorta etdirilməməsi və işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat verilməməsinə görə inzibati xətalar haqqında işlərə müəyyən edilən qaydalar çərçivəsində baxılması təklif edilir. 

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 7 məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub, məzmun və mahiyyət baxımından bir-birinə yaxındır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklə bağlı bildirilib ki, layihə dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb. Sənəddə “dəniz əməliyyatları bazası”, “dənizçi” və digər yeni anlayışlar müəyyən edilir, bəzi anlayışlar dəqiqləşdirilir. 

 Bununla yanaşı, Məcəllənin tətbiq olunduğu gəmilərin siyahısına gəzinti məqsədləri üçün istifadə edilən gəmilərin də daxil edilməsi, bir sıra gəmi sənədlərinin adlarının dəqiqləşdirilməsi, əsas gəmi sənədlərinin siyahısının, gəminin müvafiq dövlət reyestrindən çıxarılmasının əsaslarının, gəmi heyətinin tərkibinə və ixtisaslarına olan tələblərin dəqiqləşdirilməsi nəzərdə tutulur. 

Layihədə, habelə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən dəniz nəqliyyatı sahəsində göstərilən xidmətlərə görə haqların məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqini nəzərdə tutan müddəanın daxil edilməsi, gəmi sahibinin vəzifələrinə əlavələrin edilməsi, gəmi sahibi və gəmi kapitanının dənizdə olarkən gəmidə qəza baş verdikdə qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma dərhal məlumat verməsi vəzifəsinin müəyyən edilməsi ilə bağlı dəyişikliklər təklif olunur.

Sənəddə gəmi qeydiyyatının aparılmasına, gəmilərə sənədlərin verilməsinə, gəmiyə dair layihələrin razılaşdırılmasına, gəmi heyətinə verilən sənədlərə dair müddəalar da dəqiqləşdirilir.

Deputat “Dəniz limanları haqqında” Qanunda ediləcək dəyişikliklə bağlı nəzərə çatdırıb ki, sənəddə iki istiqamət üzrə dəyişikliklər təklif olunur. Belə ki, layihədə tariflər tətbiq ediləcək dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinin əhatə dairəsinin müəyyən edilməsi, habelə qanunvericilik praktikasının tələblərinə uyğun olaraq və eyni zamanda bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən orqanın – Dövlət Dəniz və Liman Agentliyinin publik hüquqi şəxs statuslu olmasını nəzərə alaraq, “müvafiq icra hakimiyyəti orqanı” ifadəsinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” ifadəsi ilə əvəz edilməsi nəzərdə tutulur.

Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanununda ediləcək dəyişikliyə dair məlumatında bildirib ki, sənəd dəniz nəqliyyatı sahəsində bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini, iki sənədin – Gəmi tarixinin fasiləsiz qeydlər sənədinin və Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamənin  verilməsinə görə rüsumların müəyyənləşdirilməsini ehtiva edir.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli gündəliyin digər 3 məsələsinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını bildirib.

Komitənin üzvü Kamal Cəfərov bu 3 məsələni – Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələrini təqdim edib. 

Bildirilib ki, Miqrasiya Məcəlləsində nəzərdə tutulan dəyişiklikdə Məcəllənin 3.0.17-ci maddəsində “dənizçi kitabçası (vəsiqəsi)” sözləri “dənizçinin şəxsiyyət sənədi” sözləri ilə əvəz edilir. Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə 252-ci maddənin adında və 252.1-ci maddədə “dəniz mühitini” sözləri “dəniz ətraf mühiti”  sözləri ilə əvəz edilir.  İnzibati Xətalar Məcəlləsində olan dəyişiklikdə 312 və 313-cü maddələrin adları və dispozisiyaları dəqiqləşdirilir, 307.4-cü maddənin dispozisiyası genişləndirilir, yeni 307.5-ci maddə əlavə olunur. 

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, qanunun 7.10.3-cü maddəsində “dəniz mühiti” sözləri “dəniz ətraf mühiti” sözləri ilə əvəz olunur. 

Sonra təqdim olunan son 7 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir