Milli Məclisin iclasında
Oktyabrın 17-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki , iclası açan spiker Sahibə Qafarova bildirib ki, bizim iclasımız ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirilir.
Sabah, oktyabrın 18-də biz Müstəqilliyin Bərpası gününü qeyd edəcəyik. Bildiyiniz kimi, son yüz ildən artıq dövrdə Azərbaycan xalqı siyasi müstəqillik imkanına iki dəfə nail olub. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib.
Milli Məclisin sədri qeyd edib ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də əslində eyni tale yazılmışdı.
Ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır problemlər qarşısında qaldığı bir dövrdür. O zaman hakimiyyətə gəlmiş iqtidar cəmi bir il ərzində Azərbaycanı siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmışdı. Ölkə vətəndaş müharibəsi və dağılmaq həddinə gəlib çıxmışdı. Dövlət həyatının bütün sahələrində hərc-mərclik, ordu adı ilə yaradılan silahlı dəstələrin özbaşınalığı vəziyyətin gərginliyini daha da artırırdı. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına əlverişli şərait yaradırdı. Yüz minlərcə soydaşımız doğma yurdlarını tərk etməyə məcbur olurdu.
Müstəqil Azərbaycan dövlətinin iflasa uğraması təhlükəsi tam real idi. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyinin itirilməsinə yol vermədi.
1993-cü il iyunun 15-də ali dövlət rəhbərliyinə qayıdan Ümummilli Lider qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi.
Spiker xatırladıb ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibəti ilə bu il mayın 16-da və iyunun 14-də Milli Məclisin xüsusi iclaslarında dünya miqyaslı siyasi və dövlət xadiminin misilsiz xidmətlərindən minnətdarlıq duyğuları ilə danışıldı.
Qeyd edildi ki, xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində reallaşdıra bilib. Ümummilli Lider dünyanın böyük güclərinin iradəsinə qarşı çıxaraq, Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən keçirərək sabitlik və inkişaf dövrünə çatdırdı.
Bugünkü müasir Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsidir.
Milli Məclisin sədri bildirib ki, parlamentdə biz həmişə qürurla söyləyirik ki, Ulu Öndərin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanıb. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun bu binada atdığı addımlar, gördüyü tədbirlər parlamentarizm və dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir.
Spiker diqqətə çatdırıb ki, Ümummilli Liderin inkişaf strategiyasını yeni çağırışlar şəraitində yaradıcı surətdə davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizə heyrətamiz uğurlar gətirib.
Spiker qeyd edib ki, Milli Məclisin oktyabrın 12-də keçirilən xüsusi iclasında da vurğulandığı kimi, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb. Cəmiyyət və dövlət həyatının bütün sahələrində yeniləşmə və yüksəliş dövrü yaşanıb. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, Birinci vitse-prezident institutu təsis edilib. Məmnunluqla qeyd etmək olar ki, möhtərəm cənab Prezidentin ən yaxın silahdaşı olan görkəmli siyasi və dövlət xadimi Mehriban xanım Əliyeva bu məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirir.
Sahibə Qafarova vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əzəli tarixi torpaqlarımızın Ermənistanın 30 illik işğalından qurtarılması, tarixi ədalətin, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açıb.
Oktyabrın 15-də cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltmasını bütün xalqımız böyük qürurla izlədi. Üç il öncə eyni duyğuları biz Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərdə bayrağımız yüksələrkən yaşamışdıq.
Spiker qeyd edib ki, Möhtərəm Prezidentin Xankəndi şəhərində etdiyi proqram xarakterli çıxış onun Ulu Öndər Heydər Əliyev və xalqımız qarşısında bir növ hesabatı idi. Cənab Prezidentin də dediyi kimi, onun rəhbərliyi ilə 20 il ərzində görülən işlər Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının artırılmasına, torpaqlarımızın işğaldan azad edilməsinə, xalqımızın firavan həyatının qurulmasına yönəlib. Həyata keçirilən dövlət siyasəti milli maraqlarımızın qorunmasını və irəli aparılmasını təmin edib. Düşmən üzərində qazanılan möhtəşəm qələbə Ulu Öndərin 100 illik yubileyinə ən böyük töhfə oldu.
Spiker deyib ki, cənab Prezident öz çıxışında separatçılara havadarlıq edən dövlətlərə, Ermənistanda revanşizm fikrindən əl çəkməyən qüvvələrə də mesaj verdi. Onları Vətən müharibəsindən və antiterror tədbirlərindən dərs almağa çağırdı.
Xalqımız əmindir ki, biz Qarabağa həmişəlik qayıtmışıq, möhtərəm cənab Prezidentin qaldırdığı Dövlət Bayrağı bu qədim diyarımızda əbədi dalğalanacaqdır.
Milli Məclisin sədri xatırladıb ki, dövlət başçısının fərmanına əsasən bu gün Füzuli şəhəri günü qeyd edilir. Üç gündən sonra Zəngilan şəhəri günü qeyd olunacaq. Düşmən tapdağından azad edilmiş bütün şəhərlərimizin günlərini biz hər il bayram kimi qeyd edəcəyik. Möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da daim irəli gedəcək və yeni-yeni zirvələri fəth edəcəkdir.
Sonra spiker təklif edib ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın və onlara Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni uğurlar diləyək. Spikerin təklifi alqışlarla qarşılanıb.
Milli Məclisin sədri bayram münasibəti ilə təbriklərini çatdırdıqdan sonra, tariximizin kədər dolu bir gününü də yada salıb. O, bildirib ki, üç il öncə erməni silahlı birləşmələri Gəncə şəhərinin mərkəzini qadağan olunmuş silahlar, o cümlədən ballistik raketlər ilə atəşə tutmuşlar. 15 nəfər dinc sakin həyatını itirmiş, 79 mülki şəxs yaralanmışdı.
Spiker həm Gəncə şəhərində, həm də Azərbaycanın digər yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc sakinlərin yaxınlarına səbir, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Komitə sədri Siyavuş Novruzov, deputatlar Tural Gəncəliyev, Fazil Mustafa, Ceyhun Məmmədov, Nizami Səfərov, Sahib Alıyev, Əli Məsimli, Tahir Kərimli, Bəhruz Məhərrəmov, İlham Məmmədov, Musa Qasımlı çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltmasını əlamətdar tarixi hadisə kimi dəyərləndiriblər.
Bildirilib ki, dövlət başçısının prinsipial və qətiyyətli siyasəti sayəsində Azərbaycan xalqının səbirsizliklə gözlədiyi gün artıq gerçəkləşdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Ali Baş Komandanın rəhbərliyi, onun ətrafında birlik və həmrəylik nümayiş etdirən xalqımızın əzmi və iradəsi nəticəsində düşmən məğlub edildi.
Deputatlar Azərbaycan Prezidentinin Xankəndidə səsləndirdiyi fikirlərin, verdiyi mesajların mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, bu şanlı qələbənin nəticəsini qoruyub saxlamaq, şərəfli tarixi missiyasını davam etdirmək yolunda cənab İlham Əliyevə uğurlar arzulayıblar.
Millət vəkilləri bəzi aktual məsələlər barədə də öz fikirlərini açıqlayıblar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyində 16 məsələ var. O, birinci məsələnin “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin olduğunu deyib. Spiker qeyd edib ki, inzibati ərazi bölgüsü ilə bağlı olduğuna görə, layihə “Normativ hüquq aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcək.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan sənəddə, Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq dəyişikliklər nəzərdə tutulub. Dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Binəqədi qəsəbəsinin ərazisində 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 12 məsələsi ikinci oxunuşda olan qanun layihələridir.
İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Energetika haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuşda layihə barədə ətraflı məlumat verildiyini, sənədin deputatlar tərəfindən dəstəkləndiyini söyləyib. Komitə sədri bildirib ki, qanunun qəbulu energetika sahəsinə investisiyanın cəlb edilməsinə, bərpa olunan enerjinin təşviqinə, ekoloji tarazlıq pozulmadan enerjinin hasilatı, emalı, istehsalı sahələrinin daha da inkişaf etdirilməsinə xidmət edəcək.
Yeni qanun layihəsi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Müzakirələr zamanı deputat Vahid Əhmədov sənəd barədə bəzi fikirlərini, qeyd və təkliflərini səsləndirib.
Komitə sədri Sadiq Qurbanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra, qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb.
O, bildirib ki, layihə lisenziyanın verilməsi şərtlərinin Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblərlə, icazələrin verilməsi şərtlərinin isə Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblər əsasında tənzimlənməsini müəyyənləşdirir. Dəyişikliklərdə qüvvədə olan qanunda bəzi dəqiqləşdirmələrin aparılması və digər normativ hüquqi aktlara uyğunlaşdırılması da nəzərdə tutulur. Birinci oxunuşdan sonra layihə barədə heç bir irad və təklifin daxil olmadığı da qeyd edilib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Deputat birinci oxunuşda layihə barədə geniş məlumat verildiyini, heç bir əlavə rəy və təklifin olmadığını söyləyib, sənədin səsə qoyulmasını xahiş edib.
Qeyd edilməlidir ki, sənəd “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli 665-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Layihədə müvafiq dəyişikliklər edilməklə, icra sənədləri sayılan aktların məzmununun “İcra haqqında” Qanunda icra sənədləri üçün müəyyən edilmiş tələblərə uyğunlaşdırılması təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib. O, qeyd edib ki, bu məsələlər “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov həmin qanun layihələrini təqdim edib. O, birinci oxunuş zamanı hər iki sənəd barədə ətraflı məlumat verildiyini söyləyib, səsləndirilən bəzi qeydlərə aydınlıq gətirib, layihələrin ümumilikdə deputatlar tərəfindən dəstəkləndiyini bildirib.
Qeyd olunmalıdır ki, “Polis haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin kursant adlandırılması, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi isə daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanıb.
Deputatlar Fəzail Ağamalı və Aydın Mirzəzadə dəyişikliklərdə əks olunan məsələlərin əhəmiyyəti barədə öz fikirlərini açıqladıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, bildirib ki, sənəddə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O, bildirib ki, sənəddə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsi nəzərdə tutulur. Qeyd edilib ki, dəyişiklik arxiv xidmətlərinin daha operativ icrasının təmin olunmasına yönəlib.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşu zamanı heç bir əlavə təklifin olmadığı deyib və səsə qoyulmasını xahiş edib.
Qeyd olunmalıdır ki, sənəd ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq biletlərinin verilməsi prosedurunun sadələşdirilməsi, normalararası uyğunsuzluğun aradan qaldırılması məqsədilə hazırlanıb.
Məsələ ilə bağlı deputat Sabir Rüstəmxanlı bəzi qeydlərini bildirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, bildirib ki, sənəddə təklif olunan dəyişikliklər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş və ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat verərək bildirib ki, ölkə Prezidentinin müvafiq fərmanına uyğun olaraq, sənəddə universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, bildirib ki, layihədə fiziki şəxs tərəfindən şəxsi istehlak məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması nəzərdə tutulur. Bununla yanaşı, sənəddə “Telekommunikasiya haqqında” qanuna əsasən dəqiqləşdirmə xarakterli düzəliş edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, qanun layihəsində təklif olunan dəyişikliklər dəqiqləşdirmə və uyğunlaşdırma xarakteri daşıyır. Komitə sədri ötən müddət ərzində sənədin mətnində əlavə heç bir dəyişikliyin olmadığını deyib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son 3 məsələsi birinci oxunuşda olan qanun layihələridir.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş qanun layihəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsini təşkil edən çağırış komissiyalarının qərarlarının verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yekun tibbi müayinənin aparılması nəzərdə tutulur. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
O, qeyd edib ki, təklif olunan dəyişikliyin qəbulu nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırış prosesində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, çağırışçıların sağlamlıq vəziyyətinin daha dəqiq dəyərləndirilməsi üçün zəruri şəraitin yaradılması, qeyd olunan fəaliyyətin elektron informasiya sistemləri vasitəsilə təşkili və icrası proqnozlaşdırılır.
Məsələ ilə bağlı müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Fazil Mustafa, Tahir Kərimli, Aydın Hüseynov, Sədaqət Vəliyeva bəzi qeydlərini bildiriblər.
Komitə sədri Ziyafət Əsgərov çıxışlarda səsləndirilən fikirlərə aydınlıq gətirdikdən sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. O, bildirib ki, qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb.
Sənəddə təklif olunan əlavəyə əsasən, bəzi mühasibat uçotu subyektlərində, o cümlədən iri sahibkarlıq subyektlərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq, orta sahibkarlıq subyektlərində, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslərdə mühasibat uçotu elektron formada aparılmalıdır.
Qeyd olunub ki, bu müddəa Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaq.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Əli Hüseynli qanun layihəsi ilə bağlı məlumatında onun rəhbərlik etdiyi komitə tərəfindən sənədə daxil olan Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə təklif olunan dəyişikliklərə müsbət rəy verildiyini bildirib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qanun layihəsinin təmsil etdiyi komitədə müzakirə edildiyini və dəstəkləndiyini bildirib.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev layihəyə daxil olan “Elektron imza və elektron sənəd haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, “elektron sənəd” anlayışının tərifinin yeni redaksiyada verildiyini söyləyib. O, rəhbərlik etdiyi komitədə məsələyə baxıldığını və müsbət rəy verildiyini diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI