Milli Məclisin Əmək və sosial siyasət komitəsində

0

Mayın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə 3 məsələ – “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

İlk iki məsələni müzakirəyə təqdim edərkən komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ilin Dövlət Büdcəsində formalaşan profisit büdcənin dürüstləşdirilməsinə ehtiyac yaradıb. Ona görə də komitə öz profilinə uyğun olaraq, icmal büdcənin tərkib hissəsi olan Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2024-cü il büdcələrində dəyişikliklərə rəyini bildirəcək.

Musa Quliyev diqqətə çatdırıb ki, 2024-cü ildə orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb, dəqiqləşmədə isə bu rəqəm 990 manat təşkil edir. Qeyri-büdcə sektorunda baş verəcək bu artımın hesabına Dövlət sosial müdafiə fondunun  2024-cü il üçün büdcəsində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləğinin dürüstləşdirilərək 190 milyon manat artacağı nəzərdə tutulub. 

Bu məbləğin 160 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləğinin azaldılmasına yönəldiləcək, 25 milyon manatı əmək pensiyalarının ödənilməsi xərclərinə, 5 milyon manatı fondun aparatının və yerli bölmələrinin saxlanılması xərclərinə əlavə ediləcək. Beləliklə, fondun büdcəsi 30 milyon manat artırılaraq 6 949,9 milyon manata çatdırılacaq.

Komitə sədri deyib ki, İşsizlikdən sığorta fondunun büdcəsində də 4 milyon 700 min manat artım nəzərdə tutulub. Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 4 700 000 manat azaldılaraq 53 253 200  manata endirilmişdir. Beləliklə, 2024-cü il üzrə İşsizlikdən sığorta fondunun dürüstləşmiş büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 184 676 800  manat təşkil edəcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, dəyişikliklərin aparılması Dövlət sosial müdafiə fondunun qeyri-büdcə sektoru üzrə daxilolmaların artımla icrası proqnozlarına əsaslanır. Artımın təqribən 0,4 faiz təşkil edəcəyini deyən nazir müavini dürüstləşmədə Dövlət Büdcəsindən transfertin həcminin azaldıldığına diqqət çəkərək, ümumiyyətlə bu göstəricinin fondun ümumi gəlirlərində 17 faizə qədər düşdüyünü qeyd edib. O, İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsində aparılan dəyişikliklərin istiqamətləri üzrə məlumat verib.

Komitə sədri gündəliyin 3-cü məsələsi olan  “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) müzakirəyə təqdim edərkən bildirib ki, sənəd Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə komitənin genişləndirilmiş iclasında parlamentin bütün komitələrinin təmsilçiliyi ilə birinci oxunuşda geniş və ətraflı müzakirə olunub. Layihə Milli Məclisin plenar iclasında birinci oxunuşdan keçib.

Komitə sədri vurğulayıb ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən bütün dəyişikliklər vətəndaşlarımızın sosial rifahına xidmət edən dəyişikliklərdir. Təqdim olunan dəyişikliklər də vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına əsaslanmaqla sosial təminatı həyata keçirmək üçün hüquqi bazanın genişləndirilməsi, pensiya təminatında sosial sığorta prinsipinin daha da gücləndirilməsi və təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Musa Quliyev dəyişikliklərin elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədinə də xidmət etdiyini deyib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov layihənin plenar iclasda birinci oxunuşda müzakirəsində deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, sənədin hərbi qulluqçulara əmək pensiyasının təyin olunması, hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətləri barədə ətraflı məlumat verib.

Layihələrin müzakirəsində komitə üzvləri Vüqar Bayramov, Soltan Məmmədov,  Arzu Nağıyev, Ziyad Səmədzadə, Aqil Məmmədov çıxış ediblər, artımları dəstəklədiklərini bildiriblər, onların parametrləri, fondların gəlir mənbələri və xərc istiqamətləri, hərbçilərin sosial müdafiəsi və pensiya təminatının bəzi aktual məsələləri ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deputatların qaldırdıqları məsələlərə münasibət bildiriblər, suallarını cavablandırıblar.

Deputatlar müzakirə olunan hər üç qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Əziz Ələkbərov, Sevinc Hüseynova, İlham Məmmədov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Əli Mövsümov və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir