Milli Məclisin 2024-cü il payız sessiyası başa çatdı
Dekabrın 29-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin payız sessiyasında sonuncu iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, iclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Möhtərəm Prezidentin bu qərarı xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir.
Milli Məclisin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında önəmli rol oynayıb. Xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb.
Spiker qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olmaqla, ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin etmişdir.
Spiker inamını ifadə edib ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək, ölkə vətəndaşlarının ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək, həmçinin ölkəmiz tarixi mirasına, ötən dövrdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirəcək.
Bununla yanaşı, Azərbaycanın Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcəkdir.
Sonra gündəmdə olan məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, Əli Hüseynli, deputatlar Jalə Əliyeva, Vüqar Bayramov, Sahib Alıyev, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Aydın Mirzəzadə, Elşən Musayev, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Aydın Hüseynov, Asif Əsgərov, Səyyad Salahlı, Göydəniz Qəhrəmanov, Vüqar Rəhimzadə, Tənzilə Rüstəmxanlı, Gülşən Paşayeva fikirlərini bölüşüblər.
Millət vəkilləri uğurla başa vurduğumuz 2024-cü ilin xalqımızın və dövlətimizin həyatında əlamətdar hadisələrlə yadda qaldığını söyləyiblər. Ölkənin daxili və xarici siyasətində əldə edilmiş nailiyyətləri, iqtisadi sahədə dayanıqlı inkişafın uğurla davam etdirilməsini, insanların rifah halının yaxşılaşdırılmasını, diplomatiya, ordu quruculuğu, mədəniyyət, idman sahələrində qazanılan uğurları təqdirəlayiq hesab ediblər.
Çıxışlarda bu il ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində azad, demokratik, şəffaf şəraitdə Prezident seçkilərinin keçirildiyi, cənab İlham Əliyevin yekdilliklə növbəti dəfə Azərbaycan Prezidenti seçildiyi vurğulanıb. Qeyd edilib ki, bununla yanaşı, uğurla keçirilmiş parlament seçkilərində VII çağırış Milli Məclis formalaşıb. Eyni zamanda, bir çox beynəlxalq tədbirlərə evsahibliyi etmiş ölkəmizdə cari ildə qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edən COP29 konfransı yüksək səviyyədə təşkil olunub. Bu gün regionda sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın təmin olunmasında səylərini əsirgəməyən, milli mənafelərə uyğun siyasət həyata keçirən Azərbaycanın dünyada nüfuzunun daha da artdığı söylənilib.
Deputatlar Prezidentin müvafiq sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirərək, Konstitusiyamızın qəbulunun və suverenliyimizin tam bərpasının əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırıldığını vurğulayıblar. Konstitusiyamızın və suverenliyimizin hər bir Azərbaycan vətəndaşı üçün böyük dəyər olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan MDB məkanında münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə dövlətdir. Hazırda işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilir, vətəndaşlarımızın öz doğma yurdlarında məskunlaşması davam etdirilir.
Çıxışlarda Azərbaycan Prezidentinin ölkəmizin qüdrətlənməsi, iqtisadiyyatımızın möhkəmlənməsi, suverenliyimizin qorunması üçün uğurlu və düzgün siyasət həyata keçirdiyi və 2025-ci ilin bu baxımdan əlamətdar bir il olacağı bildirilib.
Deputatlar, habelə “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı kədərləndiklərini bildiriblər, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veriblər, xəsarət alanların tezliklə sağalmasıni diləyiblər. Bu faciəvi hadisə ilə əlaqədar dövlətimiz tərəfindən lazımi addımların atıldığını, xalqımızın birlik nümayiş etdirdiyini qeyd ediblər.
Millət vəkilləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə öz təbriklərini çatdırıblar, növbəti ildə dövlətimizə, xalqımıza daha böyük uğurlar diləyiblər.
Milli Məclisin sədri Sahibə Qafarova müzakirələrdə 20 nəfərin çıxış etdiyini və bütün çıxışlarda möhtərəm cənab Prezidentin apardığı həm daxili, həm də xarici siyasətə yüksək qiymət verildiyini, gələcəyə nəzər salındığını bildirib.
Parlamentin sədri gündəliyə 10 məsələnin daxil edildiyini və ilk məsələnin Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında Milli Məclisin qərar layihəsi olduğunu deyib.
O, qeyd edib ki, komissiyanın üzvlüyünə Milli Məclisin deputatları, habelə Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri Elçin İsmayılov, Xalq şairi Sabir Rüstəmxanlı və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İskəndərov namizəd göstərilib.
Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məsələ barədə məlumat verib. O, bildirib ki, Milli Məclisin 28 aprel 2000-ci il tarixli 870-IQR qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyası yaradılıb. Toponimiya komissiyası Azərbaycan Respublikasının ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi məsələlərinin müzakirə edilməsi və bu barədə Milli Məclisə rəy hazırlanması məqsədilə yaradılıb. Toponimiya komissiyası Azərbaycanda yer adlarını dəyişən zaman yeni adların Azərbaycan dilinin normalarına uyğun olmasını təmin edir.
Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü, qüdrətli, qalib dövlət və Cənubi Qafqaz regionunun lider ölkəsi kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun şücaəti və misilsiz qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. O, qeyd edib ki, erməni vandallarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti təkcə insanlar üzərində yox, həm də tarixi-mədəni abidələr və coğrafi adlarımızda da aparılıb. Onlar işğal etdikləri kəndlərimizin və digər yaşayış məskənlərimizin adlarını dəyişdirərək özününküləşdirməyə çalışıblar. Bildirilib ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə tarixi-milli adlarımız, şübhəsiz bərpa ediləcək və bunun mühüm siyasi, hüquqi və mənəvi əhəmiyyəti, təbii, coğrafi əsasları mövcuddur.
Siyavuş Novruzov hələ sovet dövründə Azərbaycanda ərazilərin adlarının o dövrün siyasətinə uyğun verildiyini deyərək, onların dəyişdirilməsi istiqamətində də həm Milli Məclis yanında Toponimiya komissiyası üzvlərinin, həm də Azərbaycan Milli Elmlər Akademiyası professorlarının hər zaman müvafiq işlər gördüyünü söyləyib. O, qeyd edib ki, toponimiya tədqiqatları, arxeoloji və etnoqrafik araşdırmalar, hüquqi qiymətləndirmələr Toponimiya komissiyasının diqqət mərkəzindədir və bundan sonra da komissiya həmin məsələlərlə məşğul olmağı prioritet istiqamət hesab edəcək.
Komitə sədri təqdim edilən məsələnin Regional məsələlər komitəsinin iclasında müzakirə olunduğunu və bu sahədə məqsədyönlü işlərin aparılması üçün Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının yenidən formalaşmasının zəruri hesab edildiyini bildirib. O, komissiyanın tərkibinə 12 nəfərin daxil olduğunu deyib.
Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda yenidən formalaşmış komissiyanın üzvü Sabir Rüstəmxanlı çıxış edərək, toponimiya sahəsində tarixilik, milli mənafelərin qorunması kimi amillərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, işğaldan azad olunmuş ərazilərimizdə yer adlarının bərpası ilə bağlı lazımi addımların atıldığını bildirib.
Spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. O, bu məsələlərin – birinci oxunuşda təqdim edilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi, habelə uyğunlaşdırma xarakteri daşıyan və müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq bir oxunuşda baxılaraq qəbul ediləcək Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu diqqətə çatdırıb.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələlər barədə məlumatı təqdim edib. O, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda nəzərdə tutulan dəyişikliyin BMT-nin müvafiq tövsiyələrinə uyğun hazırlandığını söyləyib. Komitə sədri qeyd edib ki, dəyişikliklərdə “qanunsuz miqrantların saxlanılması” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilməsi təklif olunur.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edilən məsələlər barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin növbəti 3 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin birinci və ikinci oxunuşda deputatlar tərəfindən dəstəkləndiyini, hər hansı təklifin bildirilmədiyini deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması ilə bağlı dəyişikliklər təklif olunur.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə bu komitələrin müsbət rəyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, məsələ ilə bağlı birinci və ikinci oxunuşlarda ətraflı müzakirələrin aparıldığını, sənədin mətnində dəyişikliyin olmadığını deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə adı çəkilən qanunlarda aidiyyəti sahələr üzrə müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilməsi ilə bağlı müddəalar təklif olunur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məsələyə dair bu komitələrin rəylərini təqdim etdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihə barədə birinci və ikinci oxunuşlar zamanı ətraflı məlumat verildiyini, hər hansı qeyd və dəyişikliyin edilmədiyini söyləyib və onun səsə qoyulmasını xahiş edib.
Sənəddə sahibkarlıq fəaliyyətinə verilən icazələrin bəzi növlərinə görə dövlət rüsumunun müəyyən olunması, “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sisteminin yaradılması və dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsi, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumunun qaytarılma müddətinin azaldılması, “e-bildiriş”in təqdim edilməsinə görə xidmət haqqının tutulması ilə bağlı məsələlərin tənzimlənməsi nəzərdə tutulur.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sənədlə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri növbəti iki məsələnin uyğunlaşdırma xarakteri daşıdığını və bu qanun layihələrinin “Normativ hüquqi aktlar haqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda baxılıb, qəbul ediləcəyini bildirib.
Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.
Diqqətə çatdırılıb ki, layihə “Azərbaycan Respublikasının Ailə Məcəlləsinda, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2024-cü il 28 iyun tarixli Qanunun icrası məqsədilə hazırlanıb. Həmin qanunda nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edildiyi qeyd olunub. Bildirilib ki, bunu nəzərə alaraq, Mülki Məcəllədə və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda uyğunlaşdırma xarakterli dəyişikliklərin edilməsi təklif olunur.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli rəhbərlik etdiyi komitənin məsələ barədə müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən bəhs edib. O, dəyişikliklərin uyğunlaşdırma xarakteri daşıdığını və komitənin rəyinin müsbət olduğunu deyib.
Sənəddə dövlət və bələdiyyə tərəfindən yaradılan məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək məktəbəqədər təhsil sahəsində dövlətin vəzifəsi kimi müəyyən olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin üçüncü oxunuşda təqdim edilən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu nəzərə çatdırıb.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə söhbət açaraq layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı geniş məlumat verildiyini söyləyib. O, ikinci oxunuşdan sonra qanunvericilik təşəbbüsü subyekti tərəfindən sənədə bir təklifin daxil olduğunu və bunun komitədə dəstəkləndiyini deyib.
Təklifə əsasən, Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə yeni cümlənin əlavə edilməsi nəzərdə tutulur. Dəyişiklikdə bildirilir ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Məcəllədə Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı fərqli qaydalar tətbiq edildikdə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qarşılıqlı olaraq fərqli qaydalar müəyyən edilə bilər.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqındadır. Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Samir Vəliyevə söz verib.
İclasda deputat Samir Vəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini oxuyub.
Sonra müraciət səsə qoyularaq qəbul edilib. (Müraciətin mətni mətbuatda dərc olunacaq.)
Milli Məclisin spikeri Sahibə Qafarova yeddinci çağırış Milli Məclisin ilk sessiyası olan 2024-cü ilin payız sessiyasının bu gün başa çatdığını bildirərək sessiya ərzində görülmüş işlər haqqında qısa məlumat verib.
Sahibə Qafarova yeddinci çağırış Milli Məclisin cari il sentyabrın 23-də keçirilən ilk iclasında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dərin məzmunlu və proqram xarakterli nitq söylədiyini qeyd edərək diqqətə çatdırıb ki, ötən dövrdə parlamentin fəaliyyəti dövlət başçısının həmin nitqində elan etdiyi strateji hədəflər və milli prioritetlər nəzərə alınmaqla qurulub.
Spiker deyib ki, ölkəmizin qarşılaşdığı müasir çağırışlar şəraitində aktual məsələlərin həllinə parlament səviyyəsində kömək göstərilməsi üçün Milli Məclisin tarixində ilk dəfə olaraq Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya, habelə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupu yaradılıb.
Ötən payız sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirdiyini bildirən spiker bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrinin rolunu qeyd edib. Bu baxımdan Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanıb.
Bundan başqa, başa çatan sessiya ərzində hökumətin müxtəlif strukturlarının nümayəndələrinin Milli Məclisin və komitələrin iclaslarına dəvət olunduğu, qanun layihələrinin müzakirəsi zamanı onların rəylərinin dinlənildiyi, deputatların bir sıra mülahizə və təkliflərinin də icra orqanları tərəfindən nəzərə alındığı bildirilib.
Spiker diqqətə çatdırıb ki, parlamentin birinci iclası da daxil olmaqla, payız sessiyasında Milli Məclisin 19 plenar iclası, 130 komitə iclası keçirilib, 84 qanun və 41 qərar qəbul edilib.
Ötən sessiyada Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya tərəfindən “COP29-a qarşı hibrid təhdidlər” mövzusuna həsr edilən ictimai müzakirə, Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusuna həsr edilmiş ictimai dinləmə keçirilib. Qeyd edilib ki, Qərbi Azərbaycana qayıdış məsələlərini Milli Məclis daim diqqət mərkəzində saxlayır.
Ötən dövrdə qanunvericilik sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi beynəlxalq qurum və xarici dövlətlərin Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn aktlarına kəskin münasibətini bildirib. Bu məsələlərlə bağlı Milli Məclis sədrinin adından xarici dövlətlərin parlament sədrlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə müraciətlər də göndərilib. Həmçinin dostluq qruplarının adından da oxşar məktublar ünvanlanıb.
Sessiya dövründə Milli Məclis deputatlarının seçki dairələrində işinə xüsusi diqqət yetirilib. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçirmiş, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırmışlar. Eyni zamanda, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində lazımi tədbirlər həyata keçirilmişdir.
Parlamentin sədri diqqətə çatdırıb ki, ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı üçün də zəruri tədbirlər görülüb.
Milli Məclisin 57 üzvü tərəfindən 24 xarici ölkəyə 80 səfər həyata keçirilib, deputatlar 11 beynəlxalq təşkilatın tədbirlərində iştirak ediblər. Milli Məclis sədrinin Türkiyəyə rəsmi, İsveçrə, Rusiya və Tacikistana isə işgüzar səfərləri həyata keçirilib.
60 ölkənin, 16 beynəlxalq təşkilatın və 14 beynəlxalq təsisatın 104 nümayəndə heyəti, ümumən 457 nəfər xarici qonaq Milli Məclisdə olub.
Milli Məclisin sədri Milli Məclisdə 9 ölkənin parlament sədrləri və sədr müavinləri, 6 beynəlxalq təşkilatın rəhbərləri, 1 ölkənin icra hakimiyyəti orqanının nümayəndəsi, 10 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.
Həm deputatların, həm də Milli Məclis sədrinin səfərlərində və görüşlərində dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün parlament diplomatiyasının imkanlarından istifadə edilib. Qeyd olunub ki, Milli Məclislə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumunun imzalanması parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biridir.
Sahibə Qafarova Milli Məclisin 2 beynəlxalq tədbirə ev sahibliyi etməsindən danışıb. Bildirilib ki, Bakıda baş tutan COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilən parlament tədbirində milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak edib.
Milli Məclisdə Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq parlament konfransına isə bir sıra ölkələrin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi qatılıb. Konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparılmış, 27 nəfər çıxış etmişdir. Bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq dəyirmi masa keçirilib.
Milli Məclisin payız sessiyasını uğurla başa çatdırdığını deyən Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.
Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan bayramlarımız gəlir. İki gündən sonra xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra isə Yeni ili qeyd edəcəkdir.
Sahibə Qafarova təklif edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq və Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni-yeni böyük uğurlar arzulayaq.
Spikerin təklifi alqışlarla qarşılanıb.
Sonra parlamentin sədri Milli Məclisin 2024-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin 2024-cü il payız sessiyasının sonuncu plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI