Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

turaninsesi.az” – ın məlumatına görə, bütün şəhidlərə rəhmət diləyən parlamentin spikeri Sahibə Qafarova xatırladıb ki, Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədiblər.

Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə bütün insanlığa qarşı ən ağır cinayətlərdən biridir:

“613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.

Spiker qeyd edib ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında əldə etdiyi tarixi qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub və xalqımıza qarşı etnik təmizləmələrə və soyqırımı cinayətlərinə son qoyulub:

“Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb”.

Spiker çıxışının yekunda Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Daha sonra parlamentdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Arzu Paşaqızı