Milli Məclisdə süni intellektin kənd təsərrüfatında tətbiqi müzakirə olunub

Martın 11-də parlamentdə Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.


Qonaqları salamlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.


Komitə sədri bildirib ki, son illərdə Azərbaycanda rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılıb və müxtəlif sahələri əhatə edən müasir rəqəmsal platformalar formalaşdırılıb.
Tahir Rzayev diqqətə çatdırıb ki, cari ilin fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə ölkədə rəqəmsal inkişafın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Komitə sədri qeyd edib ki, həmin müşavirədə rəqəmsal idarəetmə sistemlərinin təkmilləşdirilməsinə, süni intellekt texnologiyalarının geniş tətbiqinə və dövlət xidmətlərinin daha effektiv təşkilinə dair mühüm vəzifələr müəyyənləşdirilib. O, vurğulayıb ki, bu proseslər aqrar sektorun da rəqəmsal transformasiyasına güclü təkan verir və kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqi məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və aqrar idarəetmənin daha effektiv təşkilinə geniş imkanlar yaradır.

Arzu Paşaqızı