Milli Məclisdə Rusiya Dövlət Dumasının nümayəndələri ilə görüş
Mayın 16-da Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonağı salamlayan Adil Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu gün keçirilən Milli Məclisin xüsusi iclasında dünyanın bir çox ölkələrinin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından nümayəndələr iştirak edib. O, qonağın Parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib.
Adil Əliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz hesab olunan işləri görməyi bacardı. Ulu Öndər Heydər Əliyevin əsas nailiyyətlərindən birinin yürütdüyü xarici siyasət olduğunu deyən vitse-spiker diqqətə çatdırıb ki, Ümummilli Liderin möhkəm bünövrələr üzərində qurduğu bu siyasət bu gün də öz bəhrəsini verməkdədir. Vitse-spiker vurğulayıb ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub, əlaqələrimiz mehriban qonşuluq, dostluq və tərəfdaşlıq istiqamətində inkişaf etməyə başlayıb.
Bu gün Prezident İlham Əliyev də həmin siyasi xəttə sadiq qalaraq ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasına öz töhfələrini verməkdə davam edir.
Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev öz növbəsində Ulu Öndər Heydər Əliyev fenomenini hörmət və ehtiramla yad edərək, onun böyük siyasətçi olduğunu vurğulayıb.
Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və digər mövzularda fikir mübadiləsi aparılıb.
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI