Milli Məclisdə Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qazaxıstan Xalqları Assambleyasının vilayət mediasiya şurasının və Manqıstau vilayət məclisinin sədri Matayev Janbırbay Canibekoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu deyən Hicran Hüseynova qeyd edib ki, hər iki dövlətin liderləri ailə, qadın və uşaq məsələlərinə xüsusi əhəmiyyət verirlər. O, bu il Almatı şəhərində keçirilən ailə dəyərlərinin möhkəmləndirilməsi, qadın hüquqlarının qorunması mövzularına həsr edilmiş forumda iştirakını xatırlayaraq, tədbirin çox səmərəli keçdiyini söyləyib. Görüşdə belə bir əminlik ifadə olunub ki, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi gələcəkdə bu sahədə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirəcək.

Arzu Paşaqızı