Milli Məclisdə “Qanunvericilik lüğəti” kitabının təqdimat mərasimi keçirilib
Dekabrın 28-də Milli Məclisin Kitabxanasında Parlamentin Aparatında hazırlanmış “Qanunvericilik lüğəti” adlı iki cildlik kitabın təqdimat mərasimi keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Kitabın ideya müəllifi Milli Məclisin sədri, professor Sahibə Qafarova, layihə rəhbəri Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, redaktoru isə Parlament Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayevdir.
Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu kitabın hazırlanmasına görə Milli Məclisin sədrinə təşəkkürünü ifadə edib. O, qeyd edib ki, bu gün qürurla deyə bilərik ki, Milli Məclis ilk dəfə olaraq belə bir lüğət tərtib edib. Banisi Ümummilli Lider Heydər Əliyev olan milli qanunvericiliyimizə böyük töhfə olan bu lüğət həm deputatlar, həm ictimaiyyət, həm də müəllim və tələbələr üçün çox əhəmiyyətli bir vəsait olacaq.
Sonra çıxış edən kitabın elmi redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov bildirib ki, əvvəllər dərc olunmuş lüğətlərdən fərqli olaraq bu lüğətdə qanunlarda istifadə olunmuş terminlərin və anlayışların dəqiq izahı verilir. Lüğətdən istifadə edən hər bir şəxs anlayışın qanunda olduğu kimi izahını görə biləcək. Təxminən iki ilə yaxın müddətə başa gələn bu kitabda 2023-cü ilin aprelin 1-dək qəbul olunmuş qanunlarda istifadə olunmuş termin və anlayışlar öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyev Ali Sovetin sədri seçildikdən sonra əsasını qoyduğu qanunvericilik sistemimizdə istifadə olunmuş anlayışların böyük əksəriyyətinin bir kitabda toplanması çox mütərəqqi haldır. Ziyafət Əsgərov Milli Məclisin Kitabxanasında kitab təqdimatlarının keçirilməsi ənənəsinin yaranmasına görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Təqdimat mərasimində Milli Məclisin hüquqşünas deputatları adından çıxış edən deputat Elşən Musayev bu kitabı hüquq ictimaiyyəti üçün böyük töhfə kimi dəyərləndirib. O, bildirib ki, bu lüğət hüquq sahəsində bir sıra suallara aydınlıq gətirir.
Tədbirdə çıxış edən kitabın rəyçiləri – BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova bu lüğətin Hüquq fakültəsinin müəllimləri və tələbələri üçün də dəyərli vəsait olduğunu qeyd ediblər.
Təqdimat mərasimində çıxış edən kitabın tərtibçisi, Milli Məclis Aparatı rəhbərinin xidmətinin Kodifikasiya sektorunun müdiri Lalə Ramazanzadə lüğət barədə ətraflı məlumat verib. O, bildirib ki, bu lüğətin məqsədi qüvvədə olan qanunvericiliyin terminoloji tərkibi haqqında tam şəkildə məlumat vermək və qanunvericiliyin sistemləşdirilməsi istiqamətində aparılacaq işlər üçün təməl qoymaqdır. Kitab kifayət qədər geniş normativ hüquqi bazaya malikdir və demək olar ki, əksər qanunvericilik aktlarını əhatə edir.
Təqdimat mərasiminə yekun vuran Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu kitabın ərsəyə gəlməsinə əmək sərf etmiş hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov, Bəhruz Məhərrəmov, Əminə Ağazadə, Kamal Cəfərov, Nurlan Həsənov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov, Parlament Aparatının şöbə müdirləri, BDU-nun Hüquq fakültəsinin müəllimləri və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI