Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilib
Oktyabrın 31-də Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, AMEA-nın, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclis yanında Toponimiya Komissiyasının, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquqşünas alim və tədqiqatçılar, həmçinin bələdiyyələrin, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.
Dinləməni giriş sözü ilə açan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə mühüm mövzuda ictimai dinləmənin keçirilməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
Siyavuş Novruzov diqqətə çatdırıb ki, bir neçə gündən sonra xalqımızın 8 Noyabr – Zəfər Gününü qeyd edəcək. O, 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbənin Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün yaratdığı yeni imkanlardan danışıb, xalqımızın arzularının bir-birinin ardınca reallığa çevrildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna necə həssas yanaşmasını xatırladan komitə sədri qeyd edib ki, Ümummilli Liderin Ermənistan hökuməti tərəfindən tarixi Azərbaycan torpaqlarında toponimlərin dəyişdirilməsi ilə bağlı fikirləri bu istiqamətdə bizim üçün yol xəritəsidir.
Sonra AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı İsa Həbibbəyli “Qərbi Azərbaycan toponimlərinin Ermənistan tərəfindən saxta yollarla təhrif edilməsi və ədalətin bərpası yolları” mövzusunda məruzə ilə çıxış edib.
O, cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməklə həm ölkəmizdə, həm də regionda və qlobal miqyasda Azərbaycan həqiqətlərinin çatdırılması, soydaşlarımızın tarixi ata-baba torpaqlarına qayıtması və öz milli-mədəni irsinə sahiblənməsi istiqamətində yeni konseptual baxışlar formalaşdırmasından danışıb.
İsa Həbibbəyli XX əsr boyunca indiki Ermənistan ərazisində xalqımıza aid adların ardıcıl olaraq total şəkildə tamamilə dəyişdirilməsinin, silinməsinin mərhələləri və formaları barədə məlumat verib, bunu miqyasına görə dünyada görünməmiş hadisə kimi xarakterizə edib.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və müasir mərhələdə zorakılıqla dəyişdirilmiş toponimlərin bərpa edilməsi çalışmaları” mövzusunda məruzə ilə çıxış edib.
Əziz Ələkbərov ermənilərin Cənubi Qafqaza köçürüldükləri ilk gündən azərbaycanlılara qarşı apardıqları etnik təmizləmədən, xüsusən son 200 ildə Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrimizin, coğrafi adlarımızın, toponimlərimizin dəyişdirilməsi siyasətindən bəhs edib. O, vurğulayıb ki, ermənilər dəyişdirə bilmədikləri tarixi-mədəni irsimizi isə yer üzündən siliblər.
Qərbi Azərbaycan İcmasının sədri cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqətdən söz açaraq, dövlət başçısının ideya müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışıb. Qərbi azərbaycanlıların qayıdış tələbinin insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa tam uyğun olduğunu bildirən Əziz Ələkbərov Qərbi Azərbaycan toponimlərinin bərpası istiqamətində icmanın gördüyü işlər barədə məlumat verib.
Dinləmədə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Musa Quliyev, deputatlar Sabir Rüstəmxanlı, Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Səbinə Xasayeva, Nizami Cəfərov, həmçinin tədbirdə iştirak edən qonaqlardan Abel Məhərrəmov, Firudin Cəlilov, İbrahim Bayramov, Ülviyyə Zülfüqar, Zakir Eminov, Tənzilə Rüstəmxanlı, Hümmət Musayev, Təmraz Tağıyev çıxış ediblər.
Çıxış edənlər Qərbi Azərbaycanda mədəni irsimizin planlı şəkildə məhv edilməsindən və mənimsənilməsindən söz açıblar, bu tarixi torpaqlarımızdakı toponimlərin və digər coğrafi adların, milli irsimizin bərpası, xalqımızın öz yurduna qayıdışının təmin edilməsi barədə qeyd və təkliflərini irəli sürüblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbirə yekun vuraraq, iştirakçılara təşəkkürünü bildirib. Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu xüsusi vurğulayan komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərindən sitat gətirib:
“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.”
Dinləmədə Milli Məclisin komitə sədri Tahir Rzayev, deputatlar Səttar Möhbalıyev, Elşən Musayev, Aqil Məmmədov, Emin Hacıyev, Ramil Həsən, Məzahir Əfəndiyev, Sevinc Fətəliyeva, Cavid Osmanov, Əliabbas Salahzadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri Turab Qurbanov, şöbənin böyük məsləhətçisi Sərraf Hüseynov, Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, Milli Məclis Aparatının şöbə müdiri Hacı Mirhəşim Seyid, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI