Milli Məclisdə Koreya Milli Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib

0

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Koreya Respublikası Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədri Kim Te-honun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Birinci vitse-spiker Əli Hüseynli görüşdən məmnunluğunu ifadə edərək, Koreya nümayəndə heyətinin üzvlərinə Mili Məclisin sədri Sahibə Qafarovanın salamlarını çatdırıb. O, Azərbaycanın Cənubi Qafqazda Koreyanın ən böyük tərəfdaşı olduğunu bildirib. Bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyini söyləyib. 

Əli Hüseynli Azərbaycan və Koreya parlamentləri arasında əlaqələri yüksək qiymətləndirib, hər iki ölkənin qanunvericilik orqanlarında mövcud olan dostluq qruplarının təcrübə və informasiya mübadiləsi baxımından əməkdaşlığının əhəmiyyətindən danışıb.

O, dövlətlərimiz arasında siyasi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. İqtisadi əlaqələrimizin sürətlə inkişaf etdiyini, Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini deyib. Həyata keçirilən birgə layihələrdən bəhs edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu qeyd edib.

Birinci vitse-spiker Azərbaycanın Qarabağ bölgəsinin 30 il ərzində Ermənistan tərəfindən işğal edildiyini, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə nəticəsində bu torpaqların işğaldan azad edildiyini diqqətə çatdırıb. Hazırda azad edilmiş ərazilərdə sürətlə bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini bildirib. 

Əli Hüseynli ölkələrimiz arasında təhsil, mədəniyyət, turizm, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanların olduğunu söyləyib.

Koreya Respublikası Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədri Kim Te-ho səmimi görüşə görə təşəkkürünü bildirib. O, ölkəmizdə ilk dəfə olduğunu deyərək, Azərbaycanda müşahidə etdiyi inkişafdan məmnunluğunu ifadə edib, burada gördükləri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Koreyanın Azərbaycanla həyatın bütün sahələrində əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Koreya nümayəndə heyətinin rəhbəri Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbə münasibəti ilə təbriklərini çatdıraraq, işğaldan azad edilmiş ərazilərin gələcəkdə daha da  inkişaf edəcəyinə əminliyini bildirib. 

Kim Te-ho Azərbaycanın neft və qaz ixracı sahəsində dünyada qabaqcıl ölkələrdən olduğunu deyib. Bununla yanaşı, qeyri-neft sahəsinin inkişafı ilə bağlı dövlət proqramının həyata keçirildiyini təqdirəlayiq hesab edib. 

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə bağlı “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiqi istiqamətində Koreyanın təcrübəsindən bəhs edən qonaq, bu sahələrdə Azərbaycanla səmərəli əməkdaşlığın əhəmiyyətindən danışıb.

Koreyalı deputat təhsil və tələbə mübadiləsi sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu da deyib.

Görüşdə çıxış edən Koreya Milli Assambleyasının Xarici İşlər və Birlik Komitəsinin sədr müavini xanım Le Ce Conq ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri, parlamentlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, qrupun üzvü Kamran Bayramov, Koreya nümayəndə heyətinin üzvləri Moon Sung Hvan, Jo Ki Yul, Koreyanın Azərbaycandakı səfiri Li In-yonq və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir