Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib
Dekabrın 19-da parlamentdə Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin, Milli Məclis Aparatının, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nümayəndələri, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat institutlarının rəhbərləri, Qida Təhlükəsizliyi Agentliyinin, Gəncə Dövlət Aqrar Kollecinin və digər əlaqədar qurumların əməkdaşları iştirak ediblər.
Qonaqları salamlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahədə həyata keçirilən layihələrin, görülən işlərin əhəmiyyəti, əldə olunan nailiyyətlər, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində kənd təsərrüfatının inkişafı barədə danışıb. O, bu sahədə kadrların hazırlanmasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rolu barədə fikirlərini bölüşüb. Komitə sədri diqqətə çatdırıb ki, bu gün bu universitetdə 7000-dən çox tələbə təhsil alır. Universitet 20-dən çox ölkənin ali təhsil ocaqları ilə əməkdaşlıq edir və aqrar sahədə kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi aparır.

Arzu Paşaqızı