Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.


Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iclası açaraq, iqlim dəyişmələrinə enerji istehsalının, nəqliyyatın, sənayenin, kənd təsərrüfatının və digər amillərin təsirindən bəhs edib. Bu problemin təsirini azaltmaq üçün süni intellektin güclü bir vasitə olduğunu qeyd edib, süni intellektin iqlim dəyişikliyinə təsirinin araşdırılmasından, onun tətbiqinin üstünlüklərindən və gələcək perspektivlərindən söhbət açıb.
Komitə sədri ölkəmizdə süni intellektin inkişafının dövlət səviyyəsində prioritet məsələlərdən olduğunu söyləyib. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın tətbiqinin önəmindən danışıb. Ölkə Prezidentinin elmin, innovasiyaların, yüksək texnologiyaların, o cümlədən süni intellektin Azərbaycanın gələcək modernizasiyasında aparıcı mövqeyini hər zaman qeyd etdiyini vurğulayıb. O, süni intellekt strategiyasının Azərbaycanda bu sahədə tədqiqatların aparılması, informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, infrastrukturun əlçatanlığının təmin edilməsi, habelə ixtisaslı kadr potensialının hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Arzu Paşaqızı