Milli Məclisdə incəsənət məktəblərinin aktual məsələlərinə həsr olunmuş ictimai dinləmə keçirilib
Martın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin təşkilatçılığı ilə “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbiri giriş sözü ilə açan Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov dinləmənin keçirilməsi üçün göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.
Anar İsgəndərov müzakirə olunan mövzunun aktuallığını vurğulayaraq, qeyd edib ki, parlamentdə artıq ikinci oxunuşdan keçmiş “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər də incəsənət təhsili sahəsində keyfiyyətin yüksəldilməsinə xidmət edir. Komitə sədri diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və digər bu qəbildən olan dövlət təhsil müəssisələrində çalışan təhsilverənlərin nəzəri bilikləri və peşə yararlılığı attestasiya yolu ilə deyil, Elm və Təhsil Nazirliyində tətbiq olunan mexanizmə uyğun olaraq, sertifikasiya imtahanı vasitəsi ilə qiymətləndiriləcək. Onun sözlərinə görə, bu yanaşma qiymətləndirmə prosesində şəffaflığın və obyektivliyin təmin olunmasına, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

Arzu Paşaqızı