Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib

Dekabrın 19-da Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Tədbir iştirakçılarını salamlayan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarından söz açaraq hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığı, onların fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, qərəzsizliyə və insani keyfiyyətlərə dönmədən əməl olunması ilə bağlı fikirlərini bölüşüb. Azərbaycan Respublikasının Milli Məclisi ilə məhkəmə hakimiyyəti arasında səmərəli və sıx əməkdaşlığı qeyd edən komitə sədri beynəlxalq hüququn milli qanunvericiliyə implementasiyası istiqamətində parlamentin gördüyü işlərdən danışıb.

Sonra Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov müasir beynəlxalq hüquqda mövcud olan beynəlxalq cinayətləri təhlilini verərək, onların nəzəri və tətbiqi aspektləri, beynəlxalq cinayətləri təqibetmə rejimləri barədə fikirlərini  bildirib.

Görüşdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məsələlərinə toxunulub.

Tədbir çərçivəsində hakimliyə namizədlər parlamentin inzibati binası ilə tanış olublar. Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı onlara Milli Məclisin fəaliyyəti, deputatlar üçün burada  yaradılmış iş şəraiti, parlamentin plenar iclasının keçirilməsi prosedurları haqqında məlumat verilib. Sonra Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edən qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gələcək nəsillərə örnək olan həyat yolunu, siyasi, dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Milli Məclisin foyesində spiker Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yaradılmış Zəfər Guşəsi ilə tanışlıqda bildirilib ki, guşədə Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub.

Tədbir zamanı görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI