Milli Məclisdə görüş

0

İyunun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, sədr müavini Sevinc Fətəliyeva və komitənin üzvü Asim Mollazadə ADA Universitetinin “Xarici Siyasət Proqramı”nda iştirak edən bir qrup gənc diplomatla görüşüblər. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

ADA Universitetinin təmsilçisi Aygün Hacıyeva görüşdə “Xarici Siyasət Proqramı” barədə qısa məlumat verib. Bildirilib ki, 2018-ci ildən bu günədək 70-ə yaxın ölkədən olan 116 diplomat bu proqramda uğurla iştirak edib. 

Qonaqları səmimi salamlayan Səməd Seyidov, Azərbaycan parlamentinin strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Parlamentin beynəlxalq diplomatiya sahəsindəki uğurlu fəaliyyəti haqqında danışılıb, qanunverici orqanımızda 103 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərdiyi bildirilib. Milli Məclisin 17 beynəlxalq parlament təşkilatı ilə uğurlu əməkdaşlığından söhbət açan komitə sədri diqqətə çatdırıb ki, hazırda parlament TÜRKPA, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Asiya Parlament Assambleyası da daxil olmaqla üç beynəlxalq parlament qurumuna sədrliyi həyata keçirir. 

Regionda yaranmış yeni reallıqlardan söz açan Səməd Seyidov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində ölkəmizin xarici siyasət kursu ilə bağlı söylədiyi nitqindəki strateji seçiminə diqqəti çəkib. Komitə sədri deyib ki, ölkə başçısının çıxışı zamanı səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikri ölkəmiz üçün strateji məqsəd və vəzifələri müəyyən edir.

Azərbaycanın tarixi, mədəniyyəti, multikultural dəyərləri barədə danışan komitə sədrinin müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə ölkəmizin yürütdüyü daxili və xarici siyasətin prioritetləri haqqında fikirlər səsləndiriblər, parlamentə seçkilərin keçirilməsi qaydaları, siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyi, həmçinin onların cəmiyyətdəki rolu haqqında qonaqlara məlumat veriblər. Deputatlar gənc diplomatlarla keçirilən belə görüşlərin əhəmiyyətini qeyd ediblər. 

Söhbət zamanı Ermənistanla ikitərəfli əsasda davam edən sülh danışıqları, Azərbaycanın neokolonializmə qarşı nümayiş etdirdiyi barışmaz mövqeyi, ölkəmizin bu ilin noyabr ayında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibi seçilməsi barədə də tədbir iştirakçılarına məlumat verilib.

Görüş diplomatları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir