Milli Məclisdə görüş
Aprelin 8-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları salamlayan Adil Əliyev bildirib ki, Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır, ölkəmiz bir çox nüfuzlu olimpiadalara, idman yarışlarına ev sahibliyi edib. O, deyib ki, bütün sahələrdə olduğu kimi, müasir Azərbaycanda idman siyasətinin əsası da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə ölkəmizin idman həyatında mühüm dövr başlayıb. Həmin dövrdən etibarən bədən tərbiyəsi və idmanda kütləvilik təmin olunub və nəticədə idmançılarımız beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar.
Vitse-spiker qonaqlara rəhbərlik etdiyi Gənclər və idman komitəsinin fəaliyyət istiqamətləri haqqında məlumat verərək, bu sahədəki qanunlardan, normativ hüquqi aktlardan bəhs edib. Adil Əliyev ölkəmizdə təhsil sahəsində aparılan islahatlara da toxunaraq, idman sahəsində təhsilin vacibliyindən danışıb.
Tatarıstan Respublikasının Povoljye Dövlət Bədən Tərbiyəsi, İdman və Turizm Universitetinin rektoru Rafis Burqanov səmimi görüşə görə minnətdarlığını bildirərək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb. O, bu əməkdaşlığın hər iki tərəfin mənafelərinə uyğun olduğunu, qarşılıqlı təcrübələrin öyrənilməsinin faydasını qeyd edib.
Görüşdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI