Milli Məclisdə görüş
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli fevralın 28-də Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları salamlayan Fəzail İbrahimli onlara Milli Məclisin sədri Sahibə Qafarovanın xoş sözlərini çatdırıb. Vitse-spiker və parlamentin komitə sədri xalqlarımızın milli düşüncəsindəki oxşarlıqlara toxunaraq Azərbaycan və Ukraynanın müstəqillik tarixlərindəki paralellərə diqqət çəkib. O, ölkələrimiz arasında beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan münasibətlərin inkişafında siyasi dialoqun mühüm rol oynadığını vurğulayıb.
Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində qazandığı Şanlı Zəfərinin əhəmiyyətindən söz açan vitse-spiker Azərbaycanın haqlı mövqeyinin, ərazi bütövlüyünün Ukrayna dövləti və xalqı tərəfindən hər zaman dəstəkləməsini yüksək dəyərləndirib.
Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun həmsədri Vladimir Kreydenko səmimi qəbula və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını ifadə edib.
O, Azərbaycanın ərazi bütövlüyünün Ukrayna tərəfindən prinsipial olaraq hər zaman dəstəkləndiyini vurğulayıb, Ukrayna ilə Azərbaycan arasında dostluğun və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu qeyd edib.
Sonra Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri Anton Şvaçko, Nikolay Qaluşko ölkələrimiz arasındakı münasibətlərə dair fikirlərini bölüşüblər.
Söhbətdə Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Görüşdə Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvü Naqif Həmzəyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə 1-ci katibi Yevqen Osadçi və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI