Milli Məclisdə Fransanın Əlcəzairdə soyqırımı törətməsi barədə dinləmələrin keçirilməsi təklif edilib
“Tarix boyu müxtəlif ölkələrə qarşı törətdiyi vəhşiliklərdən sonra Fransanın irqi ayrıseçkilikdən danışmağa haqqı yoxdur. Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxıla bilər”.
“Turanın səsi” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ramin Məmmədov parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsində Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək ölkəmiz əleyhinə absurd iddialar və ifadələrə yer verilib. 30 il ərzində torpaqları işğal edilən ölkə hərbi təcavüzdə ittiham edilir. Halbuki bütün hüquq normalarını, 10 noyabr bəyannaməsinin bütün şərtlərini məhz Ermənistan pozub:
“Hətta Vətən Müharibəsindən sonrakı dövrdə Ermənistan ərazilərimizə minaların basdırılmasını davam etdirir və xəritələri vermir. Ölkəmizə qarşı baş verən hadisələr fonunda Fransa senatının belə sənədi qəbul etməsi bu ölkənin beynəlxalq hüquqa əsl münasibətini əks etdirir. Tarix boyu müxtəlif ölkələrə qarşı törətdiyi vəhşiliklərdən sonra Fransanın irqi ayrıseçkilikdən danışmağa haqqı yoxdur. Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxıla bilər. Səs çoxluğu ilə qəbul edilən bu qətnaməyə səs verənlər nəticə etibarı ilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs veriblər”.
Qeyd edək ki, Fransa Senatı noyabrın 15-də “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.