Milli Məclisdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vüqar Bayramov, Məzahir Əfəndiyev və Aydın Hüseynov Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
“Turanın səsi ” xəbər verir ki , Milli Məclisin deputatı Vüqar Bayramov qonaqları salamlayaraq, Dünya Bankı ilə əlaqələrin və Orta Müddətli Xərclər Çərçivəsi üzrə Potensial Quruculuğu Proqramı (OMXÇ PQP) çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. O, qeyd edib ki, Milli Məclis və təmsil etdiyi komitə həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də büdcə siyasəti sahəsində şəffaflığın təmin edilməsi və yeni alətlərdən istifadə olunması istiqamətində intensiv fəaliyyət həyata keçirir. O, dövlət xərcləmələrinin səmərəli şəkildə həyata keçirilməsinin, buna Milli Məclisin nəzarətinin gücləndirilməsinin, bununla bağlı proqramların monitorinqinin və mövcud qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyindən bəhs edib. Deputat bu istiqamətdə hökumət nümayəndələri və aidiyyəti beynəlxalq qurumlarla davamlı əməkdaşlığın olduğunu deyib.
Dünya Bankının İdarəetmə üzrə Baş Mütəxəssis və Tapşırıq qrupunun rəhbəri Andzs Ubelis başçılıq etdiyi nümayəndə heyəti adından bu görüşə görə təşəkkürünü ifadə edib. O, rəhbərlik etdiyi qrupda orta müddətli büdcənin hazırlanması ilə məşğul olan mütəxəssislərin təmsil olunduğunu söyləyib. Qonaq komitə üzvləri ilə əvvəlki görüşləri xatırlayaraq, bu sahədə faydalı fikir mübadiləsinin aparıldığını deyib.
Andzs Ubelis əməkdaşlığın istiqamətləri barədə fikirlərini açıqlayaraq, təmsil etdiyi missiyanın məqsədlərini diqqətə çatdırıb. Bildirib ki, onun rəhbərlik etdiyi qrup öz fəaliyyətini bir neçə istiqamətdə həyata keçirməyi planlaşdırır. O, Orta Müddətli Xərclər Çərçivəsi üzrə Potensial Quruculuğu Proqramının xüsusiyyətləri barədə məlumat verərək, diqqətə çatdırıb ki, bu istiqamətdə büdcə sahəsində parlamentin nəzarəti ilə bağlı seminarların keçirilməsi, bununla əlaqədar mütəxəssisin dəvət edilməsi, orta müddətli xərclərə əsaslanan büdcənin formalaşdırılması sahəsində təlimlərin aparılması, bu sahəni tənzimləyən qanunvericiliyin araşdırılması və müvafiq tövsiyələrin verilməsi nəzərdə tutulub.
Görüşdə deputatlar Məzahir Əfəndiyev və Aydın Hüseynov çıxış edərək Dünya Bankı ilə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıblar, missiyanın həyata keçirdiyi proqramın əhəmiyyətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, 2023-cü il ölkəmiz üçün əlamətdar bir ildir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən, bu il “Heydər Əliyev İli” kimi qeyd olunur. Bunu nəzərə alaraq, missiya tərəfindən həyata keçirilən Proqram çərçivəsində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfransın keçirilməsi məqsədəmüvafiqdir.
Dünya Bankının nümayəndə heyətinin üzvləri Bruno Laparte, Mark Robinson, Marko Cangiano çıxış edərək, təmsil etdikləri missiyanın məqsədləri, həyata keçirdikləri Proqramın istiqamətləri barədə məlumat veriblər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
⤵️