Milli Məclisdə “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”mövzusunda elmi-praktik konfrans keçirilib

Oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda konfrans keçirilib.
Komitə sədri Azər Əmiraslanov tədbiri açaraq, elmi-praktik konfransın keçirilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya rəhbərlik etdiyi komitənin üzvləri adından təşəkkürünü ifadə edib.
O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti nəticəsində Azərbaycanın Vətən müharibəsində qələbə qazanaraq, öz dövlət suverenliyini bərpa etdiyini, regionda yeni reallıqlar yaratdığını bildirib. Komitə sədri suverenliyin iqtisadi əsaslarının möhkəmləndirilməsinin qarşıda duran mühüm vəzifələrdən biri olduğunu deyib. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu siyasətin siyasi müstəqilliklə iqtisadi müstəqilliyin vəhdətindən ibarət olduğunu qeyd edib. Ardıcıl, davamlı, müstəqil dövlət siyasətinin aparılması üçün iqtisadi əsasların vacibliyindən danışıb. Ölkə Prezidentinin dövlət suverenliyi ilə bağlı ifadə etdiyi “Azərbaycan müstəqil siyasət aparan dövlətdir və heç bir dairənin təsiri altına düşmür” fikrinin mühüm əhəmiyyət kəsb etdiyini və buna əsaslan milli iqtisadiyyatın ötən illər ərzində möhkəmləndirildiyini söyləyib.
Arzu Paşaqızı