Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

Sentyabrın 19-da Milli Məclisdə Konstitusiya və Suverenlik İli çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.
Konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclisin komitə və komissiyalarının sədrləri və sədr müavinləri, parlament Aparatının rəhbəri Fərid Hacıyev, aidiyyəti qurumların təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konfransın Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirildiyini bildirib və iştirakçılar adından ona minnətdarlığını ifadə edib.
Parlamentin vitse-spikeri 2024-cü il dekabrın 28-də Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyi nəzərə çatdırıb. O, bunun Azərbaycan Konstitusiyasının 30 illiyi və Vətən müharibəsində qələbəmizin 5 illiyi ilə əlaqədar olduğunu söyləyib. Bu gün Azərbaycan xalqının onun ülvi arzusu olan müstəqil, suveren dövlətə sahib olduğunu qeyd edib.
Ziyafət Əsgərov Azərbaycanın ilk milli Konstitusiyasının 1995-ci ildə, ondan öncə – 1991-ci ildə isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyini və orada milli Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın əks olunduğunu bildirib. O, qeyd edib ki, 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. İlk milli Konstitusiyamızın əsas qayəsini hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təsbit olunması və müdafiəsi təşkil edir.


⤵️
Arzu Paşaqızı