Milli Məclisdə “Diplomatiya Könüllüləri” ilə görüş keçirilib

Dekabrın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitə üzvləri Xarici İşlər Nazirliyinin “Diplomatiya Könüllüləri” qrupu ilə görüşüblər.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Görüşü açan komitə sədri Səməd Seyidov Azərbaycanın əldə etdiyi uğurlar və bu nailiyyətlərin qorunub inkişaf etdirilməsində diplomatların üzərinə düşən vəzifələrdən və gənclərin rolundan danışıb. O, ərazi bütövlüyümüzün təmin edilməsi ilə ölkəmizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayaraq deyib ki, bu, böyük nemətdir və bunu qorumaq, inkişaf etdirmək yeni nəslin üzərinə düşür.

Səməd Seyidov gəncləri daha fəal olmağa, ölkənin inkişafı üçün verilən imkanlardan maksimum yararlanmağa çağırıb.

Komitə sədri Prezident İlham Əliyevin ölkənin qarşısında dayanan məsələlərlə bağlı verdiyi mesajların əhəmiyyətini vurğulayaraq, gənclərin bu işdə fəal iştirakı üçün geniş imkanların yaradıldığını qeyd edib.

Görüşdə çıxış edən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini Vasif Əliyev bildirib ki, “Diplomatiya Könüllüləri” proqramı 2019-cu ildən fəaliyyət göstərir və artıq beş ildir uğurla davam edir. Bu proqram çərçivəsində nazirlikdə 250-dən çox gənc təcrübə keçib. Proqramın seçim prosesi kifayət qədər rəqabətli şəraitdə keçir və hər il böyük maraq doğurur.

Görüşdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rizvan Nəbiyev, Qaya Məmmədov, Zaur Şükürov və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov gənc diplomatlarla bu cür görüşlərin, könüllülük hərəkatının əhəmiyyətindən danışıblar.

Diqqətə çatdırılıb ki, Azərbaycan üçün son illər diplomatiya sahəsində parlaq bir dövr olub. Ölkəmiz COP29-a ev sahibliyi etməklə yanaşı, beynəlxalq arenada öz mövqeyini gücləndirib.

Eyni zamanda, bildirilib ki, 44 günlük Vətən müharibəsində ölkəmiz ədaləti bərpa etdi və hazırda regionda mövqelərimiz daha güclənib. Lakin mübarizə hələ də davam edir və Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması istiqamətində parlamentin, həmçinin diplomatların üzərinə böyük yük düşür.

Sonra görüş sual-cavab formatında davam etdirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI