Milli Məclisdə bir qrup tələbə gənclə görüş keçirilib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev dekabrın 28-də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bir qrup tələbəsi ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonaqları spiker Sahibə Qafarovanın adından salamlayan Aparat rəhbəri tələbələrə Milli Məclisin fəaliyyəti barədə məlumat verib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələr Azərbaycan parlamentinin bütün fəaliyyət istiqamətlərində rəhbər tutulub. Qeyd olunub ki, bugünkü Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması parlamentin beynəlxalq fəaliyyətində, o cümlədən Milli Məclisin sədri Sahibə Qafarovanın fəal iştirakı ilə həyata keçirilən parlament diplomatiyasında əsas yer tutur.
Sonra Fərid Hacıyev xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, müasir Azərbaycanın formalaşmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət olunan geniş məruzə ilə çıxış edib. Parlament Aparatının rəhbəri Ulu Öndərin Azərbaycan dilinin, dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında, beynəlxalq səviyyədə tanınmasında, nüfuzunun möhkəmlənməsində, konstitusion quruluşunun bərqərar olunmasında, iqtisadi inkişafında və hərbi qüdrətinin artırılmasında müstəsna xidmətlərindən danışıb.
Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev ideyalarının bəhrəsi olduğunu vurğulayan Fərid Hacıyev Ulu Öndərin ideyalarının sönməz nurunun bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağını bildirib.
Azərbaycan parlamentinin də Ulu Öndərin xatirəsini dərin hörmət və sevgi ilə yaşatdığını deyən Fərid Hacıyev Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə Milli Məclis tərəfindən keçirilən tədbirlərdən danışıb.
Görüşdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri Şəhla Səmədova və tələbələr çıxış edərək Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin spikeri Sahibə Qafarovaya təşəkkür ediblər, gələcək əməkdaşlıq imkanları ilə bağlı fikirlərini səsləndiriblər.
Tədbirdə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanmış “Heydər Əliyev – zamanın fövqündə” adlı sənədli film nümayiş etdirilib.
Filmin nümayişindən əvvəl film barədə məlumat verən Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın ideya müəllifliyi ilə Milli Məclisin arxiv materialları əsasında hazırlanan bu film Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində gördüyü möhtəşəm işləri işıqlandırır.
Sonra parlament Aparatının rəhbəri Fərid Hacıyev spiker Sahibə Qafarovanın məsul redaktorluğu ilə Milli Məclisdə hazırlanmış “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı 3 cildlik kitabın nüsxələrini Bakı Dövlət Universitetinin nümayəndələrinə təqdim edib. Milli Məclisin bu nəşrində Ulu Öndərin parlamentin sədri olduğu dövrdə keçirilmiş Milli Məclis iclaslarının stenoqramları öz əksini tapıb.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkdirilib.
Tədbirdə Milli Məclis Aparatının məsul əməkdaşları iştirak ediblər.
***
Tədbir çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri parlamentin İnzibati Binası ilə də tanış olublar.
Bina ilə tanışlıq zamanı tələbələr Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Parlamentin plenar iclas zalı ilə tanışlıq zamanı tələbələrə burada yaradılmış iş şəraiti, Milli Məclisin fəaliyyəti haqqında məlumat verilib. Milli Məclisin foyesində isə onlar spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi ilə tanış olublar.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI