Milli Məclisdə ATƏT Parlament Assambleyasının prezidenti ilə görüş
ATƏT Parlament Assambleyasında (ATƏT PA) Azərbaycan nümayəndə heyətinin üzvləri noyabrın 13-də ölkəmizdə səfərdə olan ATƏT PA-nın prezidenti Pia Kaumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
“Turanın səsi ” xəbər verir ki , Qonaqları salamlayan bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA sədrinin regiona səfərindən danışıb. O, bu səfərin daha düzgün informasiya almaq baxımından əhəmiyyətini qeyd edib və əməkdaşlığa müsbət töhfə verəcəyinə inandığını deyib. Azay Quliyev qonaqların keçirdikləri görüşlərdə faydalı müzakirələrin aparılmasından məmnunluğunu ifadə edib. O, ATƏT PA prezidentinin regionda sülhə dair səylərinin yüksək qiymətləndirildiyini söyləyib.
Qonaqpərvərliyə görə təşəkkür edən ATƏT PA-nın prezidenti Pia Kauman sonuncu dəfə Bakıda 9 il əvvəl olduğunu diqqətə çatdırıb və ölkəmizdəki inkişafı təqdir edib. O, Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb, onun gələcək barədə optimist və pozitiv olmasından məmnunluqla danışıb. Qonaq Cənubi Qafqaz ölkələrinin regionda sülhə nail olacaqlarına və birgə güclü iqtisadi əlaqələr yaradacaqlarına inamını bildirib.
Söhbət zamanı Azərbaycanın sülh gündəliyinin dəstəklənməsi, işğaldan azad olunmuş ərazilərdə mina probleminin həlli, Cənubi Qafqazda regional əməkdaşlıq, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması, Ermənistan və Azərbaycan arasında normallaşma prosesində ATƏT PA-nın rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Aminə Ağazadə, ölkəmizin Avstriyadakı səfiri və ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen, Baş katib Roberto Montella və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI