Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edilib
Noyabrın 20-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.
Plenar iclasda 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirələri davam etdirilib.
Müzakirələrdə parlamentin komitə sədrləri Sadiq Qurbanov, Hicran Hüseynova, Siyavuş Novruzov, Arzu Nağıyev, Şahin İsmayılov, Əli Hüseynli, komissiya sədri Eldar İbrahimov, deputatlar Müşfiq Cəfərov, Razi Nurullayev, Aydın Hüseynov, Vasif Qafarov, Jalə Əliyeva, Elman Nəsirov, Rizvan Nəbiyev, Məlahət İbrahimqızı, Ülviyyə Həmzəyeva, Elnarə Akimova, Vüqar İskəndərov, Sahib Alıyev, Elşən Musayev, Müşfiq Məmmədli, Bəhruz Məhərrəmov, Fatma Yıldırım və Səyyad Aran çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, hazırki mürəkkəb beynəlxalq mühitdə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə formalaşmış milli inkişaf modeli ölkəmizin təhlükəsizliyini və sosial-iqtisadi inkişafını təmin edən əsas dayağa çevrilib. Azərbaycanın nəqliyyat-logistika sahəsində artan rolu regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Dövlətimizin enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənib. Ölkəmizin investisiya axınlarını strateji istiqamətlərə yönəldən, innovasiya və modernləşməni stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini yaradan güclü dövlətə çevrildiyi söylənilib. Son illərdə əldə olunan nəticələrə əsaslanaraq, qeyd olunub ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edib, eyni zamanda güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaradıb. Ölkədə Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı islahatlar davam etdirilir.
Bildirilib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsi ölkəmizin qarşıdakı dövrdə iqtisadi inkişaf kursunu müəyyənləşdirən mühüm sənəddir. Layihədə əsas prioritet iqtiqamətlərdən olan dayanıqlı iqtisadiyyatın, sosial rifahın, milli təhlükəsizliyin, çevik idarəetmənin maliyyə təminatı öz əksini tapıb.






Arzu Paşaqızı