Milli Məclis sədrinin müavini Adil Əliyev-Zəngilan Böyük Qayıdışın strateji əhəmiyyətli mərkəzidir”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44-günlük Vətən müharibəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən və ərazi bütövlüyümüzün bərpasından iki il ötür. Bu iki il ərzində işğaldan azad edilmiş rayonlarımızda inanılmaz sürətdə və miqyasda bərpa və yenidənqurma işləri davam edir və artıq böyük nəticələr əldə edilib.
30 illik işğal dövründə rayon və kəndlərimizin viran edildiyini və böyük vandalizmə məruz qaldığını nəzərə alsaq, buraya həyatın tam qayıtmasının təmin edilməsi böyük çağırışdır. Həyatın qayıtması dedikdə, təkcə infrastrukturun qurulması, yolların çəkilməsi və hava limanlarının inşa edilməsi nəzərdə tutulmur. İlk növbədə doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin öz torpaqlarına qayıtması həmin torpaqlarda, sözün əsl mənasında, həyatın canlanması demək olacaq. Bu mənada işğaldan azad edilməsinin 2-ci ildönümünü qeyd etdiyimiz Zəngilan rayonunun və onun sakinlərinin bəxti gətirib. Ölkə Prezidenti İlham Əliyevin birbaşa diqqəti və nəzarəti ilə rayonun Ağalı kəndində inşa edilmiş “ağıllı kənd”də yüzlərlə Zəngilan sakini artıq məskunlaşıb. Ağalıda müasir standartlara uyğun bütün zəruri infrastruktur, sosial obyektlər və yüksək səviyyəli məişət şəraiti yaradılıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva oktyabrın 19-da işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına səfər edib, daha sonra isə Zəngilan rayonunun Ağalı kəndinə gələrək burada məskunlaşmış sakinlərlə görüşüblər. Bu səfər zamanı Prezidentin Ağalı kəndində yeni inşa edilmiş və cari tədris ilində istifadəyə verilmiş orta məktəbin şagirdləri ilə görüşü və səmimi söhbəti xüsusilə sevindiricidir. Çünki həmin şagirdlər işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın ilk iştirakçılarıdır, həmin şagirdlər Şərqi Zəngəzurun və Qarabağın gələcəyidir, orada qurulan yeni həyatın rəmzləridirlər.
Səfər zamanı dövlət başçımız və Birinci vitse-prezident Zəngilan şəhərində ilk yaşayış binasının və orta məktəb binasının təməlini qoyublar, Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər. Bu layihələr Böyük Qayıdışın Ağalı kəndindən sonra Zəngilanda daha geniş miqyasda icrasına başlandığından xəbər verir.
Bundan əlavə, dövlət başçımız və Birinci vitse-prezident işğaldan azad edilmiş ərazilərimizdə Füzuli Beynəlxalq Hava Limanından sonra inşa edilmiş ikinci beynəlxalq aeroportda – Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldular. Hava limanının istifadəyə verilməsi Zəngilanda və ətraf bölgədə yenidənqurma və bərpa işlərinin daha da sürətlənməsinə, bölgənin iqtisadi və turizm potensialının inkişafına böyük töhfə verəcək. Eləcə də, Zəngilan sakinləri paytaxt Bakı və digər bölgələrimizə təyyarə vasitəsilə də səfər edə biləcəklər.
Qeyd edilməlidir ki, Zəngilanın İran və Ermənistanla həmsərhəd olması baxımından bu bölgə və burada inşa edilmiş hava limanı böyük önəm daşıyır. Zəngilanın Zəngəzur dəhlizi üzərində və həmin dəhlizin mühüm hissəsi kimi hazırda inşa edilən Horadiz-Ağbənd dəmir yolunun üstündə yerləşməsi onun strateji əhəmiyyətini daha da artırır. Onun bu strateji dəyəri Zəngilanın məskunlaşmasını Böyük Qayıdış çərçivəsində prioritet istiqamət edib və hazırda Zəngilan Böyük Qayıdışın strateji əhəmiyyətli mərkəzinə çevrilib.
Zəngilanda beynəlxalq hava limanının inşası Prezident İlham Əliyevin Vətən müharibəsində qazandığımız böyük zəfərin nəticələrinin beynəlxalq səviyyədə tanınması və möhkəmlənməsi strategiyasının tərkib hissəsidir. Məhz bu baxımdan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın işğaldan azad edilməsinin 2-ci ildönümündə bu bölgəyə səfər etməsi, təyyarəsinin Zəngilan Beynəlxalq Hava Limanına eniş etməsi və Prezident İlham Əliyevlə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməsi olduqca mühüm hadisədir. Bu, həm Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş müttəfiqliyimizin gündən-günə möhkəmlənməsinin bariz göstəricisidir, həm də böyük Zəfərimizin beynəlxalq səviyyədə bir daha və qətiyyətli surətdə təsdiqidir.