Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul etdi

Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini qəbul edib.

turaninsesi.az ” xəbər verir ki, məruzəni ombudsman Səbinə Əliyeva səsləndirib.

Sənəddə Ombudsman təsisatı tərəfindən 2025-ci ildə görülən işlər, vətəndaşların müraciətləri ilə əlaqədar atılmış addımlar və növbəti dövr üçün Ombudsmanın təklifləri yer alıb.

Ombudsman bildirib ki, məruzədə ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş şəkildə əksini tapıb. Sənəddə ümumilikdə 94 tövsiyə və təklif irəli sürülüb.

Onun sözlərinə görə, həmin tövsiyələr əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların, qadınların, ahılların, müharibə iştirakçılarının, hərbi qulluqçuların, əlilliyi olan şəxslərin və digər həssas kateqoriyaların hüquqlarının daha səmərəli müdafiəsini, qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlarının təmin olunmasını əhatə edir.

S.Əliyeva vurğulayıb ki, keçən il ərzində Müvəkkilin ünvanına 42 mindən çox müraciət daxil olub.

Həmin müraciətlərə Konstitusiyanın tələblərinə uyğun olaraq baxılıb, araşdırmalar aparılıb və müvafiq cavablar verilib.

Müzakirələrdən sonra məruzə səsverməyə qoyularaq qəbul edilib.