Milli Məclis komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.
İclası açan Milli Məclis sədrinin müavini Rafael Hüseynov bu gün, noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illik yubileyinin qeyd olunduğunu bildirib. Ötən müddət ərzində ölkəmizin dinamik inkişaf etdiyini, həyatın bütün sahələrində nəzərəçarpan nailiyyətlərin əldə olunduğunu vurğulayıb. O, bir neçə gün əvvəl xalqımızın Vətən müharibəsində qazanılan şanlı qələbə ilə bağlı Zəfər Gününün, habelə Dövlət Bayrağı Gününün təntənə ilə qeyd etdiyini də söyləyib.
Vitse-spiker 2026-cı ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan sənədlərin ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edildiyini bildirib. O, büdcənin ölkənin sosial-iqtisadi inkişafı, təhlükəsizliyinin təmin edilməsi, müdafiə qüdrətinin artırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması, digər mühüm məsələlərin əhatə etdiyini və bütün bu istiqamətələrdə dövlət başçısının uğurlu siyasəti nəticəsində davamlı inkişafın müşahidə olunduğunu deyib. Büdcə layihəsinin tərtibatı zamanı növbəti ildə qarşıda duran prioritetlərin, qlobal iqtisadi meyillərin, təhlükəsizliklə bağlı məsələlərin nəzərə alınmasının vacibliyindən danışıb. Ölkəmizin növbəti il üçün hazırlanmış dövlət büdcəsində əvvəlki illərlə müqayisədə hər bir sahədə artımın olduğunu diqqətə çatdırıb.

Arzu Paşaqızı