Milli Məclis 2024-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib
Noyabrın 14-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki , İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Spiker Sahibə Qafarova iclası açaraq ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olmuş yeni bir qanun layihəsini gündəliyə daxil etməyi təklif edib.
Deputatlar iclasın yeni gündəliyini təsdiqlədikdən sonra “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirələri davam etdirilib.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Zahid Oruc, Əhliman Əmiraslanov, Ziyafət Əsgərov, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlar Musa Qasımlı, Kamal Cəfərov, Hikmət Məmmədov, Səbinə Xasayeva, Elnur Allahverdiyev, Aqiyə Naxçıvanlı, Mahir Abbaszadə, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Anar İsgəndərov, Əziz Ələkbərov, İqbal Məmmədov, Etibar Əliyev, Aydın Hüseynov, Vüqar İskəndərov, Məlahət İbrahimqızı, Emin Hacıyev, Aydın Mirzəzadə, Tahir Kərimli, Əminə Ağazadə, Jalə Əliyeva, Razi Nurullayev, Sabir Rüstəmxanlı çıxış ediblər.
Millət vəkilləri 2024-cü ilin dövlət büdcəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasında böyük şücaətlər göstərmiş hərbi qulluqçularımızın təminatı, Ordumuzun qüdrətinin artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılması məsələlərinə böyük diqqətin ayrılmasını, müdafiə və milli təhlükəsizlik xərclərinin, sosial yönümlü xərclərin, əsaslı xərclərin prioritetliyinin saxlanmasını təqdirlə qarşılayıblar. Onlar büdcə siyasətində iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələrinin və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini yüksək qiymətləndiriblər.
Deputatlar iqtisadiyyatda və dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının artırılmasının əsas hədəflərdən biri kimi qoyulmasını müsbət qarşılayıblar, dövlət büdcəsinin proqramlar əsasında tərtib edilməsinin büdcənin şəffaflığı, həm də hesabatlılığı üçün əhəmiyyətindən danışıblar. Millət vəkilləri gələn ilin dövlət büdcəsini dünyadakı kataklizmlər, geosiyasi böhranlar və ərzaq təhlükəsizliyinin təminatı kimi çağırışlara adekvat cavab verdiyini qeyd edərək, büdcə xərclərinin səmərəliliyinin artırılması, büdcə vəsaitlərinin nəticə yönümlüyünün yüksəldilməsi, səhiyyə, təhsil, ailə institutunun qorunması, icbari tibbi sığortaya ayrılan vəsaitlərin əhatə dairəsinin genişləndirilməsi, regionların inkişaf etdrirlməsi, yeni iş yerlərinin açılması kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Çıxış edənlər ölkə gündəmində olan vacib məsələlərdən danışıblar, təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Bununla da Milli Məclisin dünənki plenar iclasında başlayan, bu gün səhər və fasilədən sonra davam edən geniş müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
İclasa sədrlik edən spiker Sahibə Qafarovanın təklifi ilə gündəliyin növbəti iki məsələsinin – “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirilib.
“Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dövləti öz tarixinin ən şərəfli, ən qüdrətli dövrünü yaşayır. İndi ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib.
Komitə sədri diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığı ilə 2018-ci ildən başlanan dərin sosial islahatlar uğurla davam etməkdədir. Ötən 5 il ərzində ölkəmizin sosial müdafiə sistemi xeyli təkmilləşmiş və güclənmişdir. 2018-2023-cü illər ərzində orta aylıq əmək haqqı 70%, minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə, sosial müavinətlər və təqaüdlər üzrə xərclər 5 dəfə, median əmək haqqı 2,1 dəfə, əmək haqqı fondu 2,6 dəfə artmış, ehtiyac meyarı yaşayış minimumuna çatdırılmışdır.
Musa Quliyev bildirib ki, müzakirəyə təqdim olunan 2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsi də ölkə rəhbərinin sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyəti rəhbər tutularaq tərtib edilmişdir. O, qeyd edib ki, Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur.
Fondun gəlirlərinin strukturuna diqqət çəkən Musa Quliyev deyib ki, onun gəlirlərinin 5 mlrd. 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyinin proqnozlaşdırıldığını deyən komitə sədri bunun da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacağını vurğulayıb.
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan Musa Quliyev ümumi xərclərin 6,6%-nin və ya 6 milyard 681 milyon 580 min manatının əhaliyə ödənişlər təşkil edəcəyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, əhaliyə ödənişlərin 2024-cü il üçün nəzərdə tutulmuş proqnozu 2023-cü ilin təsdiqlənmiş proqnozundan 604 milyon manat, yaxud 10% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır.
Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə nəzərdə tutulan vəsait cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,6%, yaxud 11,2 milyon manat çoxdur.
Musa Quliyev DSMF-nin işinin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.
“İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildən 20,3 milyon manat, yaxud 9,3% çoxdur. Bildirilib ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq və bu yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşür.
Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünəməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.
Sonra komitə sədri Tahir Mirkişili təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirib.
DSMF-nin iqtisadi dayanıqlığı, eyni zamanda dövlət büdcəsi ilə DSMF arasında olan maliyyə transfertlərinin həcmi və imkanları barədə fikirlərini açıqlayan Tahir Mirkişili DSMF-nin 2024-cü il büdcəsinin cari ilin büdcəsinə nisbətən gəlirlərinin 651,9 milyon manat artmasının növbəti ildə yeni yaradılacaq iş yerləri və orta aylıq artım tempinə uyğun olduğunu qeyd edib.
2024-cü ildə dövlət büdcəsindən fondun maliyyə tarazlığı üçün 1 milyard 392 milyon manat vəsait köçürüləcəkdir ki, bu da 2023-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 75,8 milyon manat az deməkdir. Transfert məbləğinin azalmasını fondun gəlirlərinin artması ilə bağlayan komitə sədri bildirib ki, Fondun ilin sonuna istifadə olunmamış vəsaitlərinin investisiya fəaliyyətinə yönəldilməsi də növbəti illərdə onun gəlirlərinin diversifikasiyasına yeni imkanlar yaradacaq.
Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin və sosial rifahının yaxşılaşdırılmasının dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetləri olduğunu deyib.
O, diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün gəlirləri 6 milyard 920 milyon manat nəzərdə tutulur. Bu, 2023-cü ilin proqnoz gəlirlərindən 10 % çoxdur. Gəlirlərin 76 %-nin məcburi dövlət sosial sığorta daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 1,9 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 3 milyard 387 milyon manat nəzərdə tutulub. Fondun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manat proqnozlaşdırılır.
Bildirilib ki, növbəti ildə Fondun xərcləri 6 milyard 920 milyon manat proqnozlaşdırılır və bu, cari ilə nisbətən 10 % çoxdur. Xərclərin 97 %-i əhaliyə ödənişlərin payına düşür. Bu məbləğin 6 milyard yarımı əmək pensiyaları, 182 milyon manatı müavinət xərclərindən ibarət olacaq. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 593 milyon manat və ya 10 % artımla nəzərdə tutulub. Qeyd edilib ki, DSMF-in əleyhinə qüvvəyə minmiş məhkəmə qərarlarının sayı 2017-ci ilə nisbətən 12 min işdən cari ildə 760 işə enib. Beləliklə, məhkəmə haqları üzrə öhdəliklər 63 milyon manatdan 3 milyon manata enib.
Nazir müavini nəzərə çatdırıb ki, Fondun fəaliyyət istiqamətləri üzrə 88 xidmətdən 80-i elektronlaşdırılıb və nəticədə 790 min vətəndaş praktik təyinat alıb. Praktik təyinatlar ümumi təyinatların 80 %-ni əhatə edir. O, Fondun maliyyə əməliyyatlarına nəzarətin gücləndirildiyini, fərdi uçotun mərkəzləşdirildiyini deyib. Qeyd edib ki, dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətlər 2022-ci ildən Fond tərəfindən icra olunur və ötən dövr ərzində bu fəaliyyətin fərdi uçot prinsipi əsasında qurulmasına nail olunub, 4200-dən çox praktik təyinat aparılıb, yığım hesabında 29,5 milyon manatlıq qalıq, 3,8 milyon manat sığorta ehtiyatı formalaşdırılıb. Həmin vəsaitlərin əhalinin sosial cəhətdən həssas təbəqəsinin, şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılmasına sərf edilməsi nəzərdə tutulur.
Anar Kərimov aparılan islahatların beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirildiyini, son iki il ərzində Fondun 19 beynəlxalq sertifikat və mükafatla təltif edildiyini söyləyib.
Sonra nazir müavini İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihəsi barədə məlumat verib. O, Fondun gəlirləri və xərclərinin bərabər olmaqla 238 milyon manat nəzərdə tutulduğunu, bunun cari illə müqayisədə 20 milyon manat və ya 9 % çox olduğunu söyləyib. Bildirilib ki, sığorta haqları üzrə yığımın 75 %-i qeyri-büdcə sektorunun payına düşəcək. Xərclərin 31 %-i özünüməşğulluq tədbirlərinin, 19 %-i sosial sahədə xidmətlərin müştərək maliyyələşməsinə, 15 %-i peşə hazırlığı xərclərinin maliyyələşməsinə yönəldiləcək.
Müzakirələrdə çıxış edən deputatlar Siyavuş Novruzov və Azay Quliyevin qanun layihələri ilə bağlı fikirləri dinlənildikdən sonra “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin 4-cü məsələsi olan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manatdan 270 manata, əmək qabiliyyətli əhali üçün 261 manatdan 287 manata, pensiyaçılar üçün 199 manatdan 222 manata, uşaqlar üçün isə 220 manatdan 235 manata qədər artırılır.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin rəhbərlik etdiyi komitənin layihə barədə müsbət rəyi dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Musa Quliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Komitə sədri bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 24 manat artırılaraq 270 manat nəzərdə tutulur.
Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirdikdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, ölkədə aparılan sosial-iqtisadi islahatların davamı olaraq növbəti illərdə də iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə ardıcıl addımların atıldığını söyləyib.
Komitə sədri diqqətə çatdırıb ki, ölkə Prezidenti tərəfindən təqdim edilmiş qanun layihəsində sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin təkmilləşdirillməsi, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığı tədbirlərinin təkmilləşdirilməsi istiqamətləri üzrə dəyişiklikləri ehtiva edən müddəalar öz əksini tapıb. Dəyişikliklər maliyyə, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sektorları əhatə edir.
Qeyd edilib ki, Vergi Məcəlləsinə 71 əsas maddə və 201 alt-maddə üzrə dəyişiklik edilməsi nəzərdə tutulub. Təklif olunan dəyişikliklər nəticəsində dövlət büdcəsinə 121,5 milyon manat gəlir, 79,5 milyon manat itki, ümumilikdə isə 42 milyon manat büdcə daxilolmaları gözlənilir.
Tahir Mirkişili bildirib ki, maliyyə sektoru və kapital bazarları üzrə dəyişikliklərlə bağlı təklif olunan güzəştlərdə kredit təşkilatlarının ödənilməyən borcları müqabilində balansa götürdüyü girov əmlaklarının və torpaq vergilərinin 2 il müddətinə azad edilməsi, ləğvetmə prosesində olan bankların vergi yükünün tənzimlənməsi üçün vergitutma məqsədləri baxımından ehtiyatların yaradılması, dividentlər üzrə ödəmə mənbəyinin vergi dərəcələrinin 10%-dən 5%-ə endirilməsi, dövlət hakimiyyəti orqanlarının, habelə büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin divident gəlirlərinin isə əksinə, vergi azadolmasının ləğv olunması və onların 5% vergiyə cəlb olunması, İcbari Sığorta Bürosunun gəlirlərinin mənfəət vergisindən azad edilməsi nəzərdə tutulub.
Səhiyyə sahəsi üzrə dəyişikliklərdə 2024-cü ildə müddəti bitən İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına maliyyələşən tibbi xidmətlər üzrə vergi güzəştlərinin vaxtının daha 3 il müddətinə uzadılması, bu güzəştin təsdiq edilən siyahı üzrə ictimai və sosial məqsədlər üçün yaradılmış fondların (Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu, “Yaşat” Fondu) vəsaitləri hesabına tibbi xidmətlərin göstərilməsinə şamil edilməsi, tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin 2024-cü ilin yanvarın 1-dən etibarən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.
Kənd təsərrüfatı sektorunda 2024-cü ildə vaxtı bitən bütün vergi güzəştlərinin vaxtının daha 3 il müddətinə uzadılması, turizm sahəsində regional turizmin inkişaf etdirilməsi və turizm subyektlərinin sabit vergi xərclərinin optimallaşdırılması məqsədi ilə onların əmlak vergisinin 3 il müddətinə 75 %-dək azaldılması, nəqliyyat sektorunda yükdaşımalar üzrə sadələşmiş vergi rejiminin ləğvi, gəlir və mənfəət vergisinə keçid, nəqliyyat sektorunda biznesin əlavə dəyər vergisinin əvəzləşmə imkanlarının yaradılması, yükdaşıma sahəsində biznesə süni xərclərin ötürülməsinin qarşısının alınması ilə bağlı dəyişikliklər nəzərdə tutulub.
Biznesin yükünün optimallaşması üzrə nümayəndəlik, mənzil və yemək xərclərinin norma daxilində gəlirdən çıxılan xərclərə aid edilməsi ilə vergi yükünün optimallaşdırılması, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olunan hissəsinin 10%-dən 15%-dək qaldırılması, mikrosahibkarlıq subyekti olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqlarının vergi yolu ilə subsidiyalaşdırılması, ödənilmiş sosial sığorta haqları məbləğinin 25%-nin gəlir vergisi və sadələşdirilmiş vergidən çıxılması, vergi borcu olan subyektlərin borc öhdəliklərinə möhlətin verilməsi üçün meyarların hazırlanması ilə bağlı dəyişikliklər də sənəddə öz əksini tapıb.
Sosial dəstək mexanizmləri üzrə dəyişikliklərdə fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsinin gəlir vergisindən tam azad edilməsi, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha çox müddətə yerləşdirildikdə, depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsinin 3 il müddətinə gəlir vergisindən azad edilməsi, təhsil haqlarının ödənilməsi üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manatadək qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi təklif olunur.
Kölgə iqtisadiyyatı və vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi sahəsində dəyişikliklərdə riskli vergi ödəyiciləri ilə bağlı mübarizədə mövcud mexanizmlərin təkmilləşdirillməsi, əmtəəsiz əməliyyatlar aparan şəxslərə maliyyə sanksiyalarının tətbiqi, riskli vergi ödəyicisinin meyarlarının azaldılması, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və siyahıdan çıxarılması mexanizminin müəyyən edilməsi nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Gündəliyin 7-ci məsələsi olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihənin mahiyyəti ilə bağlı Əli Hüseynli bildirib ki, sənəddə məhdud məsuliyyətli və ya səhmdar cəmiyyətlərinə qarşı pul tələbinə malik olan şəxslərin pul tələblərini əvəzləşdirməklə nizamnamə kapitalına maya qoyması və ya əlavə buraxılmış səhmləri əldə etməsi, maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə isə bu prosesin maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.
Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirdikdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə daxil olan məsələlərin müzakirəsi noyabrın 15-də davam etdiriləcək.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI