Meksika parlamentinin nümayəndə heyəti ilə görüşdə

0

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev fevralın 28-də ölkəmizdə səfərdə olan Meksika parlamentinin Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Meksikalı parlamentariləri Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən Adil Əliyev onlara Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını və xoş diləklərini çatdırıb. Görüşdə iqtisadi, ticari, parlamentlərarası və  digər sahələrdə münasibətlərimizin genişləndirilməsi, ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşən vitse-spiker beynəlxalq parlament təşkilatlarında hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsinin əhəmiyyətini qeyd edib. O, əminliklə bildirib ki, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər bundan sonra da həm ikitərəfli formatda, eləcə də beynəlxalq müstəvidə uğurla davam edəcək.

Görüşdə 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının acı nəticələrinə toxunan  Adil Əliyev işğal zamanı erməni tərəfinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının Meksika Senatı tərəfindən tanınmasını minnətdarlıqla xatırlayıb və ədalətli mövqeyə görə Meksika xalqına təşəkkür edib.

44 günlük Vətən müharibəsindən söz açan vitse-spiker Azərbaycanın BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul edilmiş 4 məlum qətnaməsinin icrasını öz gücünə təmin edərək torpaqlarını Ermənistanın işğalından azad etməsindən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata qol çəkməsindən danışıb. O, qonaqlara  Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam icra etməməsi, Azərbaycan ərazilərində ekoloji terror həyata keçirməsi, bu səbəbdən də ictimaiyyət nümayəndələrinin hazırda Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirməsi barədə məlumat verib.

Vitse-spiker Azərbaycanın regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olması istiqamətində ardıcıl addımlar atdığını, lakin Ermənistanın destruktiv mövqe nümayiş etdirdiyini deyib. O, beynəlxalq ictimaiyyətin Ermənistana bu istiqamətdə təsir göstərməsinin vacibliyini vurğulayıb.

Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Alberto Viyya Viyyeqas səmimi görüşə görə təşəkkür edərək, ölkələrimiz arasında münasibətlərin inkişafının hər iki dövlətin maraqlarına uyğun olduğunu bildirib. O, Meksikanın hər zaman Azərbaycanın yanında olmasını qeyd edərək, Azərbaycanın sülh müqaviləsi danışıqları ilə bağlı atdığı addımların beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.

Sonra çıxış edən Meksika nümayəndə heyətinin üzvləri Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez və Navor Alberto Rohas Mansera ölkələrimizin qarşılıqlı əməkdaşlıq imkanlarından danışıblar, əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin, görüşlərin və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Görüşdə Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva,  hər iki ölkənin səfirləri Məmməd Talıbov, Mariya Viktoriya Romero Kabalyero və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir