Məhkəmə-Hüquq Şurasının tərkibinin yeni qaydada təşkil olunmasına dair layihə qəbul edilib
Məhkəmə-Hüquq Şurasının tərkibinin yeni qaydada təşkil olunmasına dair layihə qəbul edilib.
“Turanın səsi ” in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:
– hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
– hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
– hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;
– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
– Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
– Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
– Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
– Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
– hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.
Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur:
– Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);
– Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
– Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
– Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
– hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
– hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
– hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
– hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
– Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;
– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
– Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI