Komitələrin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinə baxılıb
Noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev iclası açaraq qeyd edib ki, müzakirəyə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil edilən 8 məsələ təqdim olunub.
O, bildirib ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi ölkə Prezidenti İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. 2023-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında Qanun layihəsi də məhz bu baxımdan tərtib edilib. Diqqətə çatdırılıb ki, Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6,2 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur.
Qeyd edilib ki, əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat, 2022-ci ildə 371 manat təşkil edib, 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır. Beləliklə, son 4 ildə əmək pensiyalarının orta aylıq məbləği 120 manatdan çox artıb. Növbəti ildə yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə pensiyalarda artım nəzərdə tutulub.
Sonra Musa Quliyev İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsindən danışıb. Qeyd edib ki, növbəti ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub. Bu isə cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.
Nəzərə çatdırılıb ki, gələn ildə işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 41,1%-i özünüməşğulluq tədbirlərinin, 21%-i məşğulluq xidməti orqanının saxlanmasının, 16,5%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 10%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. Qeyd olunub ki, növbəti ildə də özünə məşğulluq layihəsi davam edəcək. Bu proqram çərçivəsində 2023-cü ildə 10.600 nəfərin, daha 6.000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Bildirilib ki, İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi 2023-cü ildə sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və bir sıra digər xidmətlərin maliyyələşməsi üçün optimal maliyyə əsasları yarada biləcək.
Komitə sədri gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının nəzərə çarpacaq dərəcədə artacağını söyləyib. Bildirib ki, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və hər ikisi 246 manat təşkil edəcək. Bu, sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi hesab olunur.
Musa Quliyev gündəlikdə olan növbəti 4 məsələnin işğaldan azad olunmuş ərazilərdə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə əlaqədar olduğunu deyib. Bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, bu kateqoriyadan olan şəxslərin məzuniyyət, pensiya, müavinət, əmək haqqı və sosial sığorta təminatları daha yüksək səviyyədə həyata keçiriləcək.
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müzakirəyə təqdim olunan qanun layihələri barədə fikirlərini açıqlayıb. O, qısa müddət ərzində ölkəmizdə sosialyönümlü xərclərin 2 dəfə artdığını qeyd edib. Ötən dövr ərzində 3 böyük sosial islahat paketinin həyata keçirildiyini söyləyib.
Nazir diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin içərisində 4 milyard 784 milyon manat məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdir. Bu, cari ildən 10 faiz və yaxud 422 milyon manat artıqdır. Həmin məbləğin 3 milyard manatı qeyri-büdcə təşkilatları üzrə daxilolmalardır ki, bu da cari ilə nisbətən 12,5 faiz çoxdur.
Bildirilib ki, DSMF-in büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 milyard 468 milyon manat məbləğində müəyyən edilib. Bu, ümumi gəlirlərin 23 faizini təşkil edir.
Qeyd edilib ki, xərclərin 97 faizi əhaliyə ödənişlərin payına düşəcək. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün 5 milyard 907 milyon manat və ya cari ildən 12 faiz, yəni 650 milyon manat çox vəsait ödənilməsi planlaşdırılır.
Sahil Babayev əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımının pensiyaçılar üçün daha yaxşı sosial rifahın təmin edilməsi nöqteyi-nəzərindən önəmli olduğunu bildirib. Qeyd edib ki, gələn il Azəraycanda orta göstərici ciddi şəkildə artacaq. Yaşa görə pensiyanın 450 manat ətrafında, ümumi pensiyanın isə 400 manatın üzərində olması planlaşdırılır.
Nazir Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatların, güclü qanunvericilik paketinin icrası və beynəlxalq təcrübənin tətbiqi nəticəsində mümkün olduğunu deyib.
Sonra Sahil Babayev İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, Fondun gəlirləri və xərcləri 212,7 milyon manat proqnozlaşdırılıb. Sığorta haqları üzrə gəlirlər 159,6 milyon, cari ildən qalıq vəsait 53 milyon manat olaraq planlaşdırılır. O, qeyd edib ki, Fondun əsas fəaliyyət istiqamətini məşğulluq proqramlarının icrası, xüsusilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi təşkil edir. Məşğulluq xidməti tərəfindən son 4 il ərzində 400 mindən çox şəxs işlə təmin edilib. Özünəməşğulluq proqramının icrasına 87 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır və bu, 10 min 600 ailənin kiçik və mikro biznesinin qurulmasına sərf ediləcək. Ümumilikdə 17 min ailənin ölkə üzrə özünəməşğulluq proqramına cəlb edilməsi planlaşdırılır. Peşə hazırlığı istiqaməti üzrə isə 22 milyon manat vəsait ayrılıb.
Bildirilib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində müəyyənləşdirilir.
Sonra büdcə zərfinə daxil olan digər qanun layihələri ilə bağlı məlumat verilib.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, sənədə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar qeyd edilib ki, təklif olunan dəyişiklik Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-dövlət, qeyri neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək şərtləri müəyyən edir. Layihədə, eyni zamanda, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün güzəştli sosial sığorta haqqı müəyyən olunur və həmin fəaliyyət növü də dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasına aid edilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair diqqətə çatdırılıb ki, təklif edilən dəyişikliyə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə bildirilib ki, sənədə əsasən, Məcəlləyə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunur. Həmin mütəxəssislərə məcəllə ilə güzəşt və imtiyazlar müəyyən edilir. Təklif olunan dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə 2023-cü il yanvarın 1-dən 5 il müddətində işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi əlavə olunur.
Sonra iclasda Hesablama Palatasının auditoru Vəfa Mütəllimova Palatanın Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi və İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi layihələrinə dair rəyini diqqətə çatdırıb.
Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcə layihəsi ilə bağlı bildirilib ki, rəydə Fondun gəlirlərinin mənbələri, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının daxilolma vəziyyəti, sair gəlirlər və balanslaşdırılma məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait barədə müvafiq təhlillər aparılıb, pensiyaların, məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən müavinətlərin ödənilməsi, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsilə maliyyələşdirilmə xərclərinə, habelə Fondun və “DOST” Agentliyinin saxlanılma xərclərinə yönəldiləcək vəsait haqqında müvafiq araşdırmalar həyata keçirilib.
İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcə layihəsi ilə bağlı bildirilib ki, rəydə Fondun gəlir və xərc istiqamətləri üzrə proqnozlaşdırılmış məbləğlərin əsaslılığı və nəzərdə tutulan sosial-iqtisadi inkişafın məqsədləri ilə uyğunluğu, qanun layihəsinin tərtibi və təqdim edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl edilməsi məsələləri qiymətləndirilib.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim olunan məsələlər barədə fikirlərini açıqlayıb. Bildirib ki, sosial sahədə son illər ərzində önəmli işlər görülüb, uğurlu nəticələr əldə edilib. Diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin 45,7 faizə çatması planlaşdırılır. Bu, cari illə müqayisədə 1 milyard 300 milyon manat əlavə xərcin ayrılması deməkdir. İlk dəfə olaraq dövlət büdcəsində sosial xərclərin məbləği 15 milyard manatdan çoxdur və bu istiqamətdə dövlətin atdığı addımların maliyyə təminatının yaradılması deməkdir. Qeyd edilib ki, son illər ərzində davamlı olaraq əməyin ödənişi üzrə bütövlükdə Fondun xərclərinin artırılması müşahidə edilir. Növbəti ildə də əməyin ödənişi iqtisadi təsnifat üzrə 25 faizə qədər artacaq.
O, bildirib ki, ölkənin 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında sosial siyasətlə bağlı konkret hədəflər qoyulub. Onlardan biri minimum əmək pensiyasının minimum əmək haqqına olan nisbətinin 75-80 faiz ətrafında saxlanılmasıdır. Bütövlükdə, dövlət öhdəliyi ilə bağlı 2023-cü ildə bu istiqamətdə əlavə 235 milyon manat vəsait ayrılıb.
Deputatlar Mahir Abbaszadə, Vahid Əhmədov, Məlahət İbrahimqızı, Əli Məsimli, Rauf Əliyev, Rüfət Quliyev, Jalə Əliyeva, Əziz Ələkbərli, İlham Məmmədov, Arzu Nağıyev, Elnur Allahverdiyev, Məşhur Məmmədov, Aqil Məmmədov, Ziyad Səmədzadə müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini, qeyd və təkliflərini bildiriblər.
İclasda iştirak edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov qanun layihələri ilə bağlı fikirlərini açıqlayıblar.
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov deputatların suallarını cavablandırıblar.
Müzakirələrin sonunda gündəliyə daxil edilən “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, habelə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” Qanunlarda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunublar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi