İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında2026-ci ilin dövlət büdcəsi müzakirə olunub
Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Komitənin sədri Azər Əmiraslanov iclasın gündəliyinə ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda daxil edildiyini deyib. Bildirilib ki, iclasda parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Azər Əmiraslanov 2026-cı ilin büdcə zərfinin qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə daxil olduğunu, Hesablama Palatası tərəfindən həmin sənədlərə dair rəylərin hazırlandığını qeyd edib. O, bildirib ki, növbəti ilin büdcə zərfi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Konstitusiya və Suverenlik İli”ndə hazırlanıb. Dövlət suverenliyinin tam bərpasında, onun iqtisadi əsaslarının möhkəmlənməsində ölkə iqtisadiyyatının, dövlət büdcəsinin müstəsna rolu var. Komitə sədri Prezident İlham Əliyevin söylədiyi – “Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir”, “İqtisadi artım olmadan, sadəcə büdcə xərcləri hesabına sosial məsələləri həll etmək çətindir”, “Bizim bütün cari xərclərimiz qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməlidir” kimi istiqamətverici fikirlərinin ölkəmizdə həyata keçirilən büdcə siyasətinin, o cümlədən 2026-cı ilin büdcə zərfinin konseptual əsaslarını təşkil etdiyini vurğulayıb.




Arzu Paşaqızı