İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında2025-ci ilin büdcə layihəsi müzakirə edilib
Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Azər Əmiraslanov iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını söyləyib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri qanun layihəsinin ölkə Prezidenti tərəfindən parlamentə təqdim edildiyini söyləyib. O, bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova komitəyə məsələ ilə bağlı əhatəli, məhsuldar, səmərəli müzakirələrin keçirilməsinə dair öz tövsiyələrini verib. Bununla yanaşı, spikerin təşəbbüsü ilə bugünkü büdcə müzakirələrində Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri və təmsilçiləri də iştirak edir.
Azər Əmiraslanov 2025-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan qanun layihələrinin qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini, təqdim edilmiş layihələr üzrə Hesablama Palatasının rəyinin hazırlandığını deyib. O, bu günlərdə Azərbaycanın evsahibliyi ilə mühüm əhəmiyyətə malik COP29 konfransının yüksək səviyyədə təşkil edildiyini də vurğulayıb.
Komitə sədri diqqətə çatdırıb ki, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat, xərcləri 41367,6 milyon manat, büdcə kəsirinin yuxarı həddi isə 3051,6 milyon manat proqnozlaşdırılır. O, təqdim edilən makro-iqtisadi proqnozlar nəzərə alınaraq, büdcə layihəsinin pozitiv rəqəmlərə əsaslandığını, makro-iqtisadi sabitlik şərtlərinə cavab verdiyini, gəlir və xərclərin artımla proqnozlaşdırıldığını qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI