İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin layihəsi müzakirə olunub
Sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
İclasın əvvəlində Tahir Mirkişili Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun mövcudluğuna son qoyulması münasibəti ilə təbriklərinin çatdırıb, Qarabağ uğrunda canını qurban vermiş şəhidlərimizə rəhmət diləyib.
Sonra komitə sədri bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan Rəqabət Məcəlləsi bu sahədə beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanıb. O, bazar iqtisadiyyatında rəqabətin inkişafının mühüm əhəmiyyət kəsb etdiyi, Azərbaycanda aparılan islahatların ölkədə sahibkarlıq mühitinin daha da şəffaflaşması üçün lazımi şəraitin yaratdığını söyləyib. İqtisadi sahədə daha çox nailiyyətlərin əldə edilməsi üçün rəqabətliliyin təmin edilməsinin, onun dövlət tərəfindən tənsimlənməsinin, habelə sahibkarların və istehlakçılarının maraqlarının qorunmasının önəmli olduğunu qeyd edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, sahibkarlığın inkişafı istiqamətində atılan addımların, bu sahədə qanunvericiliyin təkmilləşdiriloməsinin ölkə iqtisadiyyatının dayanıqlı və davamlı inkişafına təsir edən amillər olduğunu söyləyib. O, Rəqabət Məcəlləsinin qəbulunun zəruriliyindən danışaraq, Azərbaycan Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planının həyata keçirilməsinin, 2021-ci il tarixli Sərəncamla ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın” Milli Prioritetinin formalaşdırılmasının, habelə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin edilməsinin, müasir tənzimləmə metodlarının tətbiqinin vacibliyindən söhbət açıb.
Nazir müavini sənədin hazırlanması zamanı bir sıra ölkələrin milli qanunvericiliklərinə müraciət olunduğunu deyib, istifadə edilən tövsiyə sənədləri barədə, layihənin üstünlükləri, o cümlədən haqsız rəqabət, təmərküzləşmələr, dövlətin rəqabətə təsiri, təbii inhisarlar, məsuliyyət məsələləri ilə bağlı məlumat verib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli öz çıxışında diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsi 12 fəsil, 84 maddədən ibarətdir və 9 əsas istiqamət üzrə tənzimləməni özündə ehtiva edir. Bildirilib ki, sənəddə ölkəmizdə rəqabət siyasətinin prinsipləri, Məcəllənin tətbiq dairəsi, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müddəalar əks olunub. Layihədə rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabət orqanının vəzifəli şəxsinin öz vəzifələrini həyata keçirərkən müvafiq qanunvericiliyin maraqların toqquşması ilə bağlı prinsiplərinə riayət etməsi, habelə rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe, hökmran mövqedən sui-istifadə halları ilə bağlı məsələlər ehtiva olunur.
Qeyd olunub ki, Məcəllədə haqsız rəqabətin formaları, rəqib təsərrüfat subyektini nüfuzdan salan, rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən, müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlərlə bağlı maddələr yer alıb. Bununla yanası, təsərrüfat subyektlərinin təmərküzləşməsi, razılıq alınması tələb olunan təmərküzləşmələr, təmərküzləşmələrin qiymətləndirilməsi, təmərküzləşmə haqqında ərizənin təqdim edilməsi və araşdırılmasına dair məsələlər nəzərdə tutulub. Sənəddə, həmçinin dövlət orqanları, yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi, subsidiyaların və tənzimləmə fəaliyyətlərinin rəqabətə təsirlərinin qiymətləndirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarından, habelə tənzimləyici qurumlardan məlumatların əldə edilməsi barədə məsələlər müvafiq maddələrdə müəyyən olunur.
Nəzərə çatdırılıb ki, Məcəllə layihəsində təbii inhisar sahələri, təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi, bu subyektlərin fəaliyyətinə rəqabət orqanı tərəfindən dövlət nəzarəti məsələləri, təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər təsbit olunur. Habelə, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti tədbirləri, dövlət nəzarətinin həyata keçirilməsinin xüsusiyyətləri, bazarın monitorinqi, yoxlamaların aparılması, sənəd və məlumatların rəqabət orqanına təqdim edilməsi və digər məsələlər öz əksini tapıb.
Komitənin sədr müavini Əli Məsimli, üzvləri Mahir Abbaszadə, Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Rüfət Quliyev, Aydın Hüseynov Məcəllə barədə öz fikir və qeydlərinin açıqlayıblar. Çıxışlarda sənədin mükəmməl şəkildə hazırlandığı, onun qəbulunun kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcəyi bildirilib, inhisarçılığın aradan qaldırılmasının, bu sahəyə dövlət nəzarətin artırılmasının əhəmiyyətindən bəhs edilib, layihənin istehlakçıların maraqlarının qorunması baxımından önəmli olduğu qeyd olunub.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, xidmətin rəis müavini Cəfər Babayev millət vəkillərinin qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra Rəqabət Məcəlləsinin layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI