İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

0

Yanvarın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili yeni sessiyanın başlaması münasibəti ilə həmkarlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. O, iclasda 22 məsələnin müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.

Turanın səsi ” in xəbərinə görə Tahir Mirkişili bildirib ki, 2022-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Dünyada baş verən böhrana baxmayaraq,  Prezident  İlham Əliyevin apardığı siyasət nəticəsində ölkənin  iqtisadi əlaqələri daha da genişlənib, iqtisadiyyatın ümumi parametrlərində artım müşahidə olunub. O, ötən il Ümumi Daxili Məhsulun 4,6 faiz artaraq 134 milyard manatdan çox olduğunu,  qeyri-neft sektorunun 9,1 faiz artaraq 70 milyard manatı keçdiyini qeyd edib. Bununla yanaşı, ölkənin kənd təsərrüfatı sahəsində məhsul istehsalının 3,4 faiz artaraq 11 milyard manatdan çox olduğunu və bunun ərzaq təhlükəsizliyinin təmin olunması məsələsində, habelə əhalinin məşğulluq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. 2022-ci ildə əhalinin nominal gəlirlərinin 20,5 faiz artaraq 70 milyard manata çatdığını deyib. İqtisadiyyat sahəsinə aid bir sıra digər göstəriciləri və əldə edilən nailiyyətləri nəzərə çatdırıb.

Komitə sədri bu gün də davam edən Laçın-Xankəndi yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı ekofəallar tərəfindən təşkil olunan aksiya barədə də öz fikirlərini açıqlayıb. 

O, ölkə Prezidenti İlham Əliyevin bu günlərdə Davos Dünya İqtisadi Forumunda iştirakının, orada keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb. Forumda müzakirə olunan məsələlərin vacibliyini qeyd edib.

Sonra komitə sədri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, komitə ötən sessiya ərzində öz fəaliyyətini Milli Məclisin qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 26 iclası keçirilib, 217 məsələ müzakirə edilib. 

Qeyd olunub ki, 2022-ci ilin payız sessiyasında komitəyə daxil olan ərizə, şikayət və müraciətlərə baxılıb, bununla bağlı lazımi tədbirlər görülüb. Bu dövrdə 87 vətəndaş qəbul olunub, onların qaldırdığı məsələlərin həlli istiqamətində müvafiq işlər həyata keçirilib.

Bildirilib ki, ötən sessiyada komitə üzvlərinin dövlət orqanlarının rəhbərləri, QHT nümayəndələri, sahibkarlıq subyektlərinin təmsilçiləri ilə bir sıra görüşləri keçirilib, səmərəli fikir mübadiləsi aparılıb. 

Sonra Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Bildirilib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan sənədlərin müzakirəsi, habelə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə, Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabata baxılması nəzərdə tutulub. İş planına Rəqabət Məcəlləsinin, “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihələri də daxil edilib.

Bununla yanaşı, yaz sessiyası ərzində komitədə aidiyyəti qurumlarla, sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə görüşlərin, ictimai dinləmələrin və bir sıra digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Elnur Allahverdiyev, Aydın Hüseynov komitənin 2022-ci ilin payız sessiyasının hesabatı və 2023-cü il yaz sessiyasının iş planı barədə fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqsədəmüvafiq hesab olunub.

Sonra iclasda gündəliyə daxil olan bir sıra qanun layihələri müzakirə edilib.

Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, gündəliyin 3-cü məsələsindən 12-ci məsələsinədək olan qanun layihələrində uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin  və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının  2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Adları çəkilən qanunlarda “kütləvi informasiya vasitələri” sözlərinin “media” sözü ilə əvəz edilməsi nəzərdə tutulur.

Təqdim olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Komitə sədri bildirib ki, gündəlikdə 13-dən 17-dək olan qanun layihələri nəqliyyat sektorunda yük və sərnişin daşımalarının tənzimlənməsi ilə bağlı məsələlərdir. O, həmin qanun layihələrinin mahiyyəti barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun  layihəsi (birinci oxunuş) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinin ləğvi məqsədilə hazırlanıb.  Bununla əlaqədar olaraq icazə blanklarının verilməsinə görə dövlət rüsumu da ləğv edilir. 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş)  qanun  layihəsinə əsasən Azərbaycan ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyicisi, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunurlar. Sənəddə təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımların ləğv edilməsi nəzərdə tutulub. 

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumlarının ləğvini nəzərdə tutur. 

“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində  (birinci oxunuş) iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün müraciət qaydası, müraciətə baxılması, zəruri hallarda nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət marşrutunun aidiyyəti hissələrinin elektrik, rabitə, su, qaz təchizatı, neft-qaz, dəmir yolu idarə və təşkilatları, avtomobil yollarının digər mülkiyyətçiləri ilə razılaşdırılması məsələsi, habelə daşıyıcıya icazənin verilməsindən imtina məsələləri tənzimlənir.

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilir. 

Komitə üzvləri Məşhur Məmmədov, Vahid Əhmədov qanunlara  təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər. Deputatlar ölkənin nəqliyyat sektorunun inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.

İclasda iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri  Anar Rzayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elmin Məmmədov qanun layihələri barədə fikirlərini açıqlayıblar, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar. Onlar nəqliyyat sektorunda işin tənzimlənməsi ilə bağlı təmsil etdikləri qurumların gördükləri işlərdən bəhs ediblər.

Müzakirələrin sonunda bu qanun layihələri də birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Sonra parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini  (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Şöbə müdiri Məcəllənin müvafiq maddələrinə təklif olunan dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və sədr müavini Əli Məsimli məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin iclasında baxılmaq üçün tövsiyə olunub.

Sonra Tahir Mirkişili Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, ölkədə son zamanlar bir çox məsələlərin Mülki Məcəllə ilə tənzimlənməsi təcrübəsi tətbiq olunur. Layihədə adları çəkilən qanunlarda da Mülki Məcəllənin tələblərinin nəzərə alınması təklif olunur.

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitənin üzvü Məzahir Əfəndiyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Tədqiqat Mərkəzinin Nizamnaməsi” 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. Nizamnaməyə əsasən Tədqiqat Mərkəzi İƏT-in əsas fəaliyyət istiqamətləri üzrə tədqiqatlar aparılması üçün təşkilatın beyin mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin Qərargahı Bakı şəhərində yerləşir. İƏT-in Tədqiqat Mərkəzi Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq. 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Komitə sədri Tahir Mirkişili “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, sənəddə sahibkarlıq sahəsində aparılan yoxlamaların daha bir il müddətinə – 2024-cü il yanvarın 1-dək  uzadılması nəzərdə tutulur. 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə də baxılıb və sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

⤵️

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir