İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Mayın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Tahir Mirkişili, əvvəlcə 28 may – Müstəqillik Günü münasibəti ilə təbriklərini çatdırıb. Sonra o, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda edilən dəyişikliklərlə bağlı fikirlərini açıqlayıb.
Tahir Mirkişili bildirib ki, “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsində dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi üçün dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərti kimi göstərilib. O, nəzərə çatdırıb ki, qanun layihəsinə dair izahata əsasən, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2024-cü il ərzində həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq fəaliyyət, habelə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər üzrə dövlət vəzifələrinin icrası dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırıb. Həmin tələbatın dövlət büdcəsinin əlavə daxilolmaları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” Qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib.
Komitə sədri cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaranmış əlavə dəyərin 38.2 milyard manat, iqtisadi artım tempinin 4,3% təşkil etdiyini söyləyib. Qeyd olunub ki, artım tamamilə qeyri neft-qaz sektoru hesabına təmin edilib və bu dövrdə iqtisadiyyatın qeyri neft-qaz sektorunda 24.2 milyard manatlıq məhsul istehsal olunub ki, bu, 7,7% artım deməkdir, neft-qaz sektorunda isə 14.2 milyard manatlıq məhsul istehsal olunub. Bu ilin 4 ayı ərzində Azeri Light xam neftin 1 barrelinin qiyməti 87.3 dollar olub. 2024-cü ilin dürüstləşdirilmiş layihəsində neftin 1 barrelinin qiyməti 60 dollardan 75 dollara çatdırılıb. Bu müddətdə ölkədə orta illik inflyasiya 0.7% təşkil edib. Dövlət büdcəsinin gəlirləri proqnozdan əlavə 1 milyard 115,1 milyon manat olub. Dövlət büdcəsinin xərcləri isə 123.6% icra olunub. İxracın miqdarı idxala nisbətən 2.5 milyard dollar çox olub.
Bildirilib ki, yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə bağlı məlumatı təqdim edib.
Nazir bildirib ki, 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətimiz qarşısında yeni çağırışlar formalaşdırıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin həyata keçirilməsi, beynəlxalq münasibətlər və beynəlxalq fəaliyyətlə bağlı, digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması əsas vəzifələr kimi göstərilib. Qeyd edilib ki, cari ilin yanvar-aprel ayları üzrə makroiqtisadi və fiskal göstəricilər və dünya enerji bazarında münbit qiymət konyunkturası, habelə cari ilin aprel ayında İqtisadiyyat Nazirliyinin makroiqtisadi proqnozunun baza ssenarisinə edilmiş dəyişikliklərə əsasən, dövlət büdcəsinə gözlənilən əlavə daxilolmalar müəyyən edilmiş prioritet istiqamətlər üzrə zəruri olan bir sıra əlavə tədbir və layihələrin maliyyələşdirilməsinə imkan yaratmaqla 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirib.
Diqqətə çatdırılıb ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb. 2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat təşkil edib, yəni nəzərdə tutulduğundan 1 milyard 115 milyon manat çox olub. Proqnozla müqayisədə artımın 68 %-ni, yəni 750 milyon manatını qeyri-neft/qaz sektoru, 32 %-ni isə və ya 358 milyon manatını neft-qaz sektoru üzrə əlavə gəlirlər təşkil edib. Beləliklə, ötən müddət ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 % çoxdur. 2024-cü ilin 4 ayı ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 % təşkil edib. Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoza nisbətən 594 milyon manat və ya 15,1 %, Dövlət Gömrük Komitəsinin xətti ilə 131 milyon manat və ya 7,1 % çox daxilolmalar qeydə alınıb.
Samir Şərifov vurğulayıb ki, dünya neft və qaz bazarlarında mövcud tendensiyalar, cari ilin əvvəlinə müşahidə olunan vergi-gömrük daxilolmalarının, habelə icmal və dövlət büdcələri xərclərinin artması nəzərə alınaraq, 2024-cü ilin aprel ayında cari il üzrə makroiqtisadi proqnozlar yenilənib. Belə ki, neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3 milyard manat və yaxud dövlət büdcəsi layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox olması gözlənilir. Qeyri-neft ÜDM-in 84,7 milyard manatadək artması və yaxud proqnoza nəzərən 0,6 milyard manat çox olması proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Bildirilib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən 2024-cü ilin dövlət və icmal büdcələrinin göstəriciləri təhlil edilib və həmin büdcələrə müvafiq qanunvericiliyə uyğun olaraq dəyişikliklər hazırlanıb. Dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, infrastruktur və digər layihələrin maliyyə təminatı üçün 1 milyard 184 milyon manat, beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər üzrə 499 milyon manat, zəruri əsaslı xərclər, təmir və sair üçün 146 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, müəyyən edilmiş prioritet xərclərin maliyyələşdirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması proqnozlaşdırılır. Belə ki, Dövlət Vergi Xidmətinin xətti ilə qeyri-neft gəlirlərinin 800 milyon manat, neft sektoru üzrə gəlirlərin isə 605 milyon manat, ümumilikdə 1 milyard 405 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 500 milyon manat əlavə daxilolamalar, Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından 250 milyon manatın dövlət büdcəsinin gəlirlərinə yönəldilməsi, habelə Nəqliyyat vasitələrinin utilizasiyası Fonduna 25,0 milyon manat daxilolma proqnozlaşdırılır.
Nəzərə çatdırılıb ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.
Yenidən baxılacaq 2024-cü il icmal büdcənin əsas parametrlərinə dair bildirilib ki, icmal büdcənin gəlirləri 43 milyard 480 milyon manat, xərcləri isə 45 milyard 592 milyon manat proqnozlaşdırılır. İcmal büdcənin 2 milyard 112 milyon manat kəsirlə proqnozlaşdırıldığı qeyd olunub.
Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinə dair məlumat verib. Sənədə əsasən, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib. Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılıb. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək.
Nazir müavini, həmçinin “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə bağlı məlumat verib. Layihədə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsinə Hesablama Palatasının Rəyini təqdim edib. Rəydə Palatanın qanun layihəsinin, layihə ilə birlikdə hazırlanan və təqdim olunan aidiyyəti sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı barədə mövqeyi ifadə edilib.
Vüqar Gülməmmədov, bununla yanaşı, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinə dair Hesablama Palatasının rəylərini də nəzərə çatdırıb.
Layihələrin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimli, komitə üzvləri Vüqar Bayramov, Vahid Əhmədov, Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Rüfət Quliyev, Aydın Hüseynov çıxış ediblər. Deputatlar 2024-cü ilin ötən dövrü üzrə Azərbaycan iqtisadiyyatındakı müsbət dinamikanı, xüsusən də qeyri-neft sektorundakı artım templərini yüksək dəyərləndiriblər.
Büdcəyə dəyişikliklərin edilməsini Azərbaycanın fiskal gücünün göstəricisi kimi qiymətləndirən millət vəkilləri yenidən baxılan büdcənin milli prioritetlərə uyğun olduğunu bildiriblər. Onlar büdcə proqnozlaşdırılmasının metodologiyasının təkmilləşdirilməsi, risklərin nəzərə alınması, regionların iqtisadi potensialından səmərəli istifadə olunması, yerli istehsalın təşviq edilməsi, sosial təminat xərclərinin artırılması və digər məsələlərlə bağlı rəylərini və suallarını səsləndiriblər.
Müzakirələrin sonunda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev deputatların qaldırdıqları məsələlərə münasibətlərini bildiriblər, suallarını cavablandırıblar.
İclasda təqdim olunan hər üç qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI