İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

0

Oktyabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Komitənin sədri Tahir Mirkişili bildirib ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Gündəliyin birinci məsələsi – “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, bu qanun layihəsi mühasibat uçotunu məcburi qaydada elektron formada aparacaq mühasibat uçotu subyektlərinin (hüquqi və fiziki şəxslərin) dairəsinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Bu dəyişiklik Vergi Məcəlləsində təsbit olunan elektron auditin aparılmasına dəstək verəcək, həmçinin layihədə qeyd olunan vergi ödəyiciləri tərəfindən müvafiq məlumatların aidiyyəti üzrə təqdim edilməsi sahəsində operativliyi artıracaqdır. Dəyişikliyə əsasən, vergi daxilolmalarında xüsusi çəkisi yüksək olan, məşğul olduqları fəaliyyət sahələri dövlət üçün strateji əhəmiyyət kəsb edən iri və orta sahibkarlıq subyektlərinin, qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinin mühasibat uçotunun elektron qaydada aparılması təklif olunur. Bu qanunun 3.1-1.3-cü maddəsi Azərbaycan Respublikasının Mərkəzi Bankına şamil edilmir. 

Məsələ barədə çıxış edən komitə üzvləri Vüqar Bayramov, Elnur Allahverdiyev, Vahid Əhmədov, Mahir Abbaszadə, İqbal Məmmədov, Ziyad Səmədzadə qanun layihəsinin əhəmiyyətindən danışıblar, onun ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sonra iclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların suallarını cavablandırıblar, onların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.   

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin ikinci məsələsi olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. O, bildirib ki, bu qanunun icrası ilə əlaqədar 17 qanuna dəyişiklik təklif olunur. Dəyişikliklər ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsinə xidmət edir. 

Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.   

Sonra iclasda ikinci oxunuşda olan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə iki qanun layihəsinə, həmçinin “Poçt haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə də baxılıb. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Milli Məclisin deputatları Əli Məsimli, Məzahir Əfəndiyev, Dövlət Vergi Xidmətinin Hüquq Baş idarəsinin müdiri Anar Rzayev və digər rəsmi şəxslər iştirak ediblər.  

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir