İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib
Oktyabrın 4-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Zahid Oruc komitənin üzvlərini VII çağırış Milli Məclisə seçilmələri münasibəti ilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
O, diqqətə çatdırıb ki, iclasın gündəliyinə iki məsələ – İnsan hüquqları komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsi və “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Komitə sədri gündəliyin birinci məsələsi ilə bağlı bildirib ki, sənəddə qanunvericilik subyektlərindən daxil olacaq qanun layihələrinin müzakirəsi, o cümlədən müxtəlif qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub. İş palanında Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə və deportasiya cinayətləri nəticəsində vətəndaşlarımızın pozulmuş insan hüquqlarının bərpası, rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması ilə bağlı, həmçinin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 qlobal iqlim sammitinin keçirilməsi aspektində və digər istiqamətlərdə insan hüquqlarının aktual məsələlərinə həsr olunmuş müvafiq müzakirələrin, dinləmələrin və digər tədbirlərin keçirilməsi əks olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI