İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Turanın səsi “x et44454 İclası açan komitənin sədri Zahid Oruc deputatlara qarşıdan gələn sessiyada uğurlar diləyib və gündəlik barədə məlumat verib. O bildirib ki, gündəliyə Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı və 2 qanun layihəsi daxil edilib.
Əvvəlcə komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı müzakirə edilib. Komitə sədri bildirib ki, hesabat dövründə İnsan hüquqları komitəsinin 12 iclası keçirilib. İclaslarda 18 məsələyə, o cümlədən 6 qanun layihəsinə baxılıb. Komitə sədri baxılan qanun layihələri barədə qısa məlumat verib, “Siyasi partiyalar haqqında” qanun layihəsinin Milli Məclisin sədri Sahibə Qafarovanın dəstəyi ilə geniş ictimai dinləmələrdən və müzakirələrdən keçdiyini xüsusi vurğulayıb.
Komitənin sədri ötən sessiya dövründə komitə sədri və üzvlərinin iştirak etdiyi tədbirlərdən, keçirilən görüşlərdən, aparılan müzakirələrdən və digər tədbirlərdən danışıb. Bildirib ki, komitə mənsubları mediada da fəal olublar, mütəmadi olaraq seçicilərlə görüşlər keçiriblər.
Həmçinin hesabat dövründə komitəyə vətəndaşlardan daxil olan 590 müraciət araşdırılıb, müvafiq tədbirlər görülüb. Qeyd olunub ki, komitə rəhbərliyi tərəfindən 258 vətəndaşın onlayn və ənənəvi qaydada qəbulu keçirilib.
İnsan hüquqları komitəsinin qarşıdakı sessiya üçün iş planı ilə bağlı məlumat verərkən komitə sədri Zahid Oruc bildirib ki, daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə insan hüquqları sahəsinin aktual məsələləri ilə bağlı görüşlərin, müzakirələrin, dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Komitə sədri Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində törədilən cinayətlərin, Azərbaycan dövlətinə dəymiş ziyanın, ölkə vətəndaşlarının pozulmuş hüquqlarının, ekoloji hüquqlarının, Qərbi azərbaycanlıların deportasiyası və onların hüquqlarının müdafiəsinin beynəlxalq instansiyalarda qaldırılması, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın və reinteqrasiyanın hüquqi tənzimlənməsi kimi mövzularda dinləmə, konfrans və müzakirələrin keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Gündəlikdəki qanun layihələri – “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, ”Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında bildirilib ki, sənədlər uyğunlaşdırma xarakterlidir və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb.
Müzakirələrdə İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Naqif Həmzəyev, Jalə Əhmədova, Elşad Mirbəşiroğlu və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər.
Deputatlar ötən payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, qarşıdakı sessiyada komitənin görəcəyi işlər, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı fikirlərinin bildiriblər, insan hüquqlarının qorunmasının aktual məsələləri barədə qeydlərini və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda İnsan hüquqları komitəsinin 2022-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, gündəlikdəki qanun layihələri isə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

⤵️

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir