İki komitənin birgə iclasında2026-cı il üçün DSMF-nin, İSF-nin büdcələri, yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub
Noyabrın 5-də Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 4 məsələ – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda daxil edilib.
Komitə sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrini birlikdə müzakirəyə təqdim edib. O, bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün gəlirləri 8 milyard 323 milyon manat təşkil edəcək. DSMF-nin 2026-cı il üçün nəzərdə tutulan xərcləri isə 8 milyard 483 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 807 milyon manat və ya 10,5% çoxdur.

Arzu Paşaqızı