İki komitənin birgə iclasında

0

Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev iclası açaraq gündəliyə 3 məsələnin daxil edildiyini bildirib. Komitə sədri gündəliyin birinci məsələsi olan Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib. O, diqqətə çatdırıb ki, qanun layihəsi bir neçə ay bundan əvvəl qəbul edilmiş “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb. 

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə ətraflı məlumat verərək, bildirib ki, “Qida təhlükəsizliyi haqqında” Qanun 2023-cü il yanvarın 1-də qüvvəyə minməsi ilə “Yeyinti məhsulları haqqında” Qanun qüvvədən düşür. Ona görə də təqdim olunan layihədə “Yeyinti məhsulları haqqında” Qanunda ərzaq təhlükəsizliyi ilə bağlı olan müddəalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna köçürülür. Komitə sədri hazırki şəraitdə prioritet məsələyə çevrilmiş əhalinin ərzaq təhlükəsizliyi ilə bağlı müddəalar barədə ətraflı məlumat verib, dövlət tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən dövlət proqramlarından danışıb, Azərbaycanda ərzaq məhsulları ilə təminatın yüksək səviyyədə olduğunu qeyd edib. O, təklif olunan əlavə və dəyişikliklərin istehlakçıların hüquqlarının müdafiəsi, ərzaq məhsullarının keyfiyyətinin artırılması, ən əsası ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətindən söz açıb, layihənin dövlət ərzaq ehtiyatlarının təmini, dövlət ərzaq balansının tutulması üçün hansı imkanlar yaratdığını şərh edib. Komitə sədri digər əlavə və dəyişikliklərin, uyğunlaşdırma xarakterli düzəlişlərin mahiyyətini də açıqlayıb.

Sonra Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova layihədə təsbit olunmuş ərzaq bazarının dövlət tənzimlənməsi ilə bağlı məsələlərdən danışıb, xüsusən də ərzaq balansının tərtibi üçün müəyyən edilmiş məhsullara dair məlumatların formalaşması, toplanması və təqdim edilməsi qaydaları haqqında məlumat verib.

Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov ərzaq balanslarının tərtibi ilə bağlı ölkəmizin təcrübəsi, onun metodologiyası barədə izahat verib, statistik məlumatların toplanması, özəl sektorun statistik hesabatlılığa cəlb olunması qaydalarına aydınlıq gətirib.

Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrdən, gördüyü işlərdən danışıb, Dövlət Ehtiyatları Agentliyi tərəfindən Dövlət Ehtiyatları Konsepsiyasının, “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin, ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısının hazırlanması barədə məlumat verib.

Sonra Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov  “Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar bir çox normativ hüquqi aktlara dəyişikliklər edilməsi zərurətindən danışıb. Bildirib ki, adıçəkilən qanunda qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı  və ixracı ilə bağlı tələblərə uyğun olaraq, Gömrük Məcəlləsinə müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub. O, qeyd edib ki, insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra yeni anlayışların, tənzimləmə və nəzarət mexanizmlərinin də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əlavə edilməsi təklif olunub.

Bundan başqa, “sənəddə qida və yem məhsullarının idxalı və ixracı zamanı sağlamlıq sertifikatının verilməsi, qida obyektlərinin təsdiq olunması ilə bağlı dövlət rüsumunun məbləği və dövlət rüsumundan azadolmalar  təklif olunub. Belə ki, obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan aparılacaq, onların təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə 150 manat rüsum alınmaqla həyata keçiriləcək. Layihənin sahibkarların sənədləşmə işlərini yüngülləşdirən digər tərəfləri barədə də danışan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri qeyd edib ki, sənədə əsasən ixrac olunan heyvan mənşəli qida məhsullarını artıq yalnız 1 sertifikatla ixrac etmək mümkün olacaq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırovun layihə ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsinin müzakirəsi aparılıb.

Sənədin müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Emin Hacıyev, Rüfət Quliyev, Elnur Allahverdiyev, Azər Badamov, Aydın Hüseynov, İqbal Məmmədov, Müşfiq Cəfərov çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Sonra nazir müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Sonra komitə sədri Tahir Mirkişili qalan iki məsələ – “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

O, bildirib ki, qanun layihələri mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edir və qeydiyyatın aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ (International Mobile Equipment Identification) nömrəsinin dəyişdirilməsinin və ya surətinin köçürülməsinin, habelə İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara mobil operator tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsinin qadağan edilməsi və müvafiq məsuliyyətin nəzərdə tutulması ilə bağlıdır.

Hər iki qanun layihəsi nəzərdən keçirilərək ayrı-ayrılıqda səsə qoyulub və birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Mahir Abbaszadə, Məzahir Əfəndiyev, Anar Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir